İtaliya şirkətləri Azərbaycan bazarına çıxmaq niyyətindədir - FOTO

İtaliya şirkətləri Azərbaycan bazarına çıxmaq niyyətindədir - <span style="color: red;">FOTO
# 24 oktyabr 2013 12:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Bakıda səfərdə olan Azərbaycan-İtaliya Ticarət İnstitutunun prezidenti xanım Manuela Traldi ilə görüş keçirilib. Görüşdə iki ölkənin sahibkarlıq təşkilatları arasında mövcud iqtisadi əlaqələr və onların inkişaf perspektivləri müzakirə olunub.

Konfederasiyadan «APA-Economics»ə verilən məlumata görə, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyini qonağın diqqətinə çatdıran ASK prezidenti Məmməd Musayev bildirib ki, artıq investisiya ixrac edən ölkəyə çevrilən Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb.

M.Musayev italiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edərək, bundan sonra konkret iş görməyi arzu etdiyini dilə gətirib. Bu günədək ASK-ya tanışlıq məqsədilə gələn italiyalı iş adamlarının real layihələrlə müraciət etmələrini, yerli bazarda rəqabət aparmaq imkanları olduğunu istisna etməyib. İki ölkə sahibkarlarının qarşılıqlı əməkdaşlıq etməsi üçün ASK-nın daim körpü rolunu oynayacağını əminliklə qeyd edən M.Musayev vurğulayıb ki, müxtəlif çeşidli, keyfiyyətli İtaliya məhsulları Azərbaycan bazarına çıxarılsa, müştəri problemi yaşanmayacaq.

Görüşdə vurğulanıb ki, son illər ölkəmizdə inşaat bumu yaşanır: «Bu sahədə də İtaliya şirkətlərinin təcrübəsindən və təkliflərindən yararlanmaq azərbaycanlı sahibkarlar üçün olduqca əhəmiyyətlidir. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində dəyəri milyonlarla dollarla ölçülən investisiyalar yatırılır ki, bazarda italiyalı sahibkarlar da sərfəli qiymətlər təklif etsələr, müəyyən layihələrdə iştirak edə bilərlər. Yeni texnoloji avadanlıqların Azərbaycana gətirilməsində də iki ölkə sahibkarları qarşılıqlı əməkdaşlıq edə bilərlər».

M.Musayev nəinki Azərbaycan bazarına, o cümlədən qonşu ölkələrin bazarına İtaliya şirkətlərinin məhsullarının çıxarılmasına dəstək göstəriləcəyini də vurğulayıb. Yaxın vaxtlarda ASK-nın tərkibində fəaliyyətə başlayacaq «Biznes Konsaltinq» MMC-nın xarici şirkətlərin ölkədə qeydiyyatdan keçməsinə köməklik göstərəcəyini xəbər verib.

İtaliya-Azərbaycan Ticarət İnstitutunun rəhbəri M.Traldi iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələri, iş adamlarının əməkdaşlığı və perspektiv sahələr barədə söhbət açıb. M.Traldi bildirib ki, İtaliya şirkətləri Azərbaycanda tikinti, dizayn sahəsindəki aparılan işlərə töhfə verə bilər.

Azərbaycanda istehsal olunan məhsulların İtaliya bazarına çıxmasına dəstək ola biləcəyini istisna etməyən xanım M.Traldi növbəti görüşü zamanı konkret təqdimatla gələcəyinə söz verib. M.Traldi ölkəmizdə moda, geyim sahəsində çalışan iş adamlarını dekabrın 10-14-da İtaliyanın Bari şəhərinə təşkil ediləcək səfərə dəvət edib. Missiyanın əsas məqsədi Azərbaycanda moda-geyim sahəsinin inkişafı, iki ölkə arasında sahə üzrə əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin yaradılması və potensial tərəfdaşların tapılmasıdır.

Görüşün sonunda hər iki tərəf bazara çıxış imkanı olan şirkətlərin siyahısını qısa müddətdə qarşı tərəfə təqdim edilməsinə dair razılığa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR