Rusiyanın daxili işlər naziri: “Miqrantları işə götürən sahibkarlar onları yaşayış yerləri ilə təmin etməlidir”

Rusiyanın daxili işlər naziri: “Miqrantları işə götürən sahibkarlar onları yaşayış yerləri ilə təmin etməlidir”
# 23 oktyabr 2013 13:18 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, parlament saatı çərçivəsində çıxış edən nazir iğtişaşlar zamanı polisin hərəkətlərini adekvat adlandırıb.

Qərbi Biryulevodakı vəziyyətdən danışan V.Kolokoltsev deyib ki, orada 2000-dən çox insan qanunsuz miqrantlar üçün öz mənzillərini kirayə verib. Onun fikrincə, miqrantların hüquqi ünvan əsasında qeydiyyata alınması qadağan olunmalı, işə götürən sahibkarlar isə onları yaşamaq üçün yerlərlə təmin etməlidirlər. Rusiya DİN rəhbəri bildirib ki, nazirlik Federal Miqrasiya Xidmətinə miqrasiya sahəsində hərtərəfli yardım edəcək.

Miqrantların Rusiyada törətdiyi cinayətlərə toxunan V.Kolokoltsev deyib ki, onlar tərəfindən törədilən cinayətlərin sayı orta hesabla 30% artıb: “Ən gərgin vəziyyət Mərkəzi Federal Dairədə, Moskvada və Sankt-Peterburqda müşahidə olunur. 2013-cü ilin 9 ayı ərzində tərəfimizdən 438 etnik kriminal qrupların fəaliyyətinin qarşısı alınıb, 1187 nəfər məsuliyyətə cəlb olunub. Həmin qruplar tərəfindən törədilən cinayətlərin 71%-i qəsdən törədilib”.

Rusiya Federal Miqrasiya Xidmətin rəhbəri Konstantin Romodanovski isə parlamentdə çıxışında qanunsuz miqrantların əməyindən qanunsuz istifadə edən sahibkarları cinayət məsuliyyətinə cəlb etməyi təklif edib. Onun sözlərinə görə, belə sahibkarları inzibati cərimələrlə deyil, daha sərt sanksiyalarla cəzalandırmaq lazımdır. K.Romodanovski eyni zamanda əlavə edib ki, bu cür cəza 50 qanunsuz miqrantların əməyindən istifadə edən sahibkarlara qarşı tətbiq oluna bilər.

Xatırladaq ki, oktyabrın 10-da Qərbi Biryulevoda 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsindən sonra həmin ərazidə yerli sakinlər iğtişaşlar törədiblər. Sakinlər buraya gələn miqrantların törətdiyi cinayətlərə və yerli hakimiyyət orqanların fəaliyyətsizliyə qarşı etirazlarını bildiriblər. Nəticədə onlar Qərbi Biryulevoda yerləşən və miqrantların çalışdığı “Biryuza” meyvə-tərəvəz bazasına hücum ediblər. Y.Şerbakovun qətlində isə Azərbaycan vətəndaşı Orxan Zeynalov şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR