Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
# 24 fevral 2014 16:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fevral ayının II ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının I ongünlüyünə nisbətən 2 m3/san artaraq 132 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, Ağstafaçayda 5, Ağstafaçay su anbarında isə 4 dəfə YVQH-ni keçib.Fevral ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 3, I Şahsevən məntəqəsində 2, Bəhramtəpədə isə 4 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.56-6.02 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR