Hacıqabul-Kürdəmir avtomobil yolunun genişləndirilməsi bu il başa çatacaq

Hacıqabul-Kürdəmir avtomobil yolunun genişləndirilməsi bu il başa çatacaq
# 04 mart 2014 10:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsində (120-ci km-dən başlayaraq) hazırda tikinti işləri aparılır. Ümumi uzunluğu 80 km təşkil edən mövcud yol ikinci texniki dərəcəli olub. Hazırda isə birinci texniki dərəcəyə uyğun dördzolaqlı yol tikilir. Bunu «APA-Economics»ə Nəqliyyat Nazirliyinin «Azeryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, layihə üzrə 5 yol qovşağı, 1 körpü, təxminən 160-a yaxın müxtəlif diametrli borular, eləcə də 15 ədəd alt (heyvanlar üçün nəzərdə tutulan körpü) keçidi olacaq.

«Artıq suötürücü boruların, alt keçidlərin tikintisi başa çatdırılıb. Torpaq işlərinin isə 95%-i, asfalt işlərinin isə 65%-i yerinə yetirilib. Yolun körpü hissəsində işlər başa çatıb. Hazırda yanaşma yolları üzərində iş gedir», - deyə P.Mürsəliyev əlavə edib.

P.Mürsəliyev qeyd edib ki, Hacıqabul-Kürdəmir yolunda genişlənmə işlərinin bu il ərzində yekunlaşması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR