Suriya Rusiya-ABŞ yaxınlaşmasını və sülh konfransı ideyasını dəstəkləyir

Suriya Rusiya-ABŞ yaxınlaşmasını və sülh konfransı ideyasını dəstəkləyir
# 19 may 2013 05:12 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti ümid edir ki, planlaşdırılan “Cenevrə-2” beynəlxalq görüşü suriyalılara böhranı aradan qaldırmağa kömək edəcək. “Biz Rusiya-ABŞ yaxınlaşmasını alqışlayırıq, çünki zorakılığa son qoymağa yardım edəcək hər bir addımı dəstəkləyirik”. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Bəşər Əsəd Argentina KİV-lərinə müsahibəsində bildirib.

Bununla belə, Suriya prezidenti Qərb dövlətlərinin hamısının Suriyadakı böhranın siyasi həllində maraqlı olmasına şübhə ilə yanaşır. “Mən düşünmürəm ki, Suriyada terrorçu qruplaşmalarını dəstəkləyən qüvvələr həqiqətən buna nail olmağa çalışır. Buna görə də onlar, dərhal mənfi reaksiya verərək, Suriya dövləti ilə hər hansı bir dialoqun qəbuledilməz olduğunu bəyan edirlər”.

“Biz sülh cəhdlərini dəstəkləyirik, lakin realist olaraq, dərk edirik ki, bu qüvvələr siyasi nizamlanma üzrə konfransı pozmaq məqsədi ilə hər cür təzyiq göstərəcək”, deyə Əsəd qeyd edib.

“Şübhəsiz, bu məsələdə qərar birtərəfli olmamalıdır. Masa arxasında ən azı iki tərəfin iştirakı labüddür”, deyə Suriya prezidenti əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR