Bu il Azərbaycanda sahibkarlara 227 mln. manatdan çox güzəştli kredit verilib

Bu il Azərbaycanda sahibkarlara 227 mln. manatdan çox güzəştli kredit verilib
# 06 sentyabr 2013 11:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Qazax rayonunun Qazaxbəyli kəndində keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdən əvvəl dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmiş Qazax şəhərində konserv zavodunun fəaliyyətinə baxış keçirilib.

SKMF tərəfindən Qazax rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının və xalçaçılıq müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Fondun icraçı direktoru Şirzad Abdullayev bu il ərzində Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 3121 investisiya layihəsinin maliyyələşdirilməsinə 227,6 mln. manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 9 200-dən çox yeni iş yerinin yaradılacağını qeyd edib.

O bildirib ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3 300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 123,3 mln. manat güzəştli kredit verilib.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən 59 sahibkara 788 min manat həcmində güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR