Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri oktyabrda sabit qalıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri oktyabrda sabit qalıb
# 07 noyabr 2013 14:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətləri 0,6%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,1% bahalaşıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 3,2% ucuzlaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9%, qarğıdalı 0,1%, arpa 2,7%, xiyar 2,2%, pomidor 0,5%, bibər 4,8%, göyərti 3,1%, baş soğan 0,9%, kartof 0,1%, quru otun istehsalçı qiymətləri 3,0% bahalaşıb, lobya dəni 5,2%, kələm 1,3%, baş sarımsaq 12,7%, yonca isə 3,0% ucuzlaşıb.

Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 8,0%, alma 3,2%, qoz 4,3% ucuzlaşıb, armud 11,5%, üzüm 0,3%, fındıq isə 11,6% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,9%, yumurta 4,8% ucuzlaşıb, mal və qoyun əti müvafiq olaraq 1,1% və 0,1%, süd 0,7%, quş əti 1,7%, bal isə 2,3% bahalaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,7% bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR