“Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

“Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib
# 06 dekabr 2013 10:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

APA-nın xəbərinə görə, XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı (Bakutel-2013) çərçivəsində keçirilən tədbir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA və akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanda İnternetin inkişaf dinamikasından danışıb. A.Əlizadə bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edərək müxtəlif nüfuzlu beynəlxalq reytinq agentliklərinin son hesabatlarının ölkənin bu sahədə nailiyyətlərini təsdiq etdiyini bildirib. O, internetin mahiyyəti, xüsusiyyətləri və imkanlarının öyrənilməsinin müasir elmi fəaliyyətin ən aktual və maraqlı sahələrindən birinə çevrildiyini, istənilən elm sahəsi üçün onun aktual tədqiqat obyekti olduğunu qeyd edib.

“İnternet və dövlət siyasəti” mövzusunda məruzə ilə çıxış edən rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov prezident İlham Əliyev tərəfindən 2013-cü ilin ölkədə İnformasiya Texnologiyaları ili elan edilməsinin son illər bu sahədə yüksək tərəqqinin göstəricisi olduğunu bildirib. Nazir İKT xidmətlərinin genişləndirilməsi, informasiya və bilik bazarının formalaşması və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu qeyd edib. Ə.Abbasov ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli geniş zolaqlı İnternet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramlarının, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Cəmiyyətin daha şəffaf, daha asan idarə olunmasında “Elektron hökumət” xidmətlərinin həm keyfiyyət, həm də kəmiyyət baxımından artırılmasının vacibliyini vurğulayan Ə.Abbasov elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılması baxımından agentliyin strateji qurum olduğunu bildirib. Nazir, 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacağını vurğulayıb.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev “Azərbaycanda internetin formalaşması mərhələləri və inkişaf perspektivləri”, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları”, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Azərbaycanda sosial media problemləri” və digərləri müxtəlif məruzələrlə çıxış edib.

Qeyd edək ki, konfrans öz işini “İnternetşünasliq: problemlər, konseptual baxışlar, perspektivlər” mövzusunda bölmə iclası ilə davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR