İranın baş nüvə müzakirəçisi növbəti danışıqların fevralda Cenevrədə keçiriləcəyini açıqlayıb

İranın baş nüvə müzakirəçisi növbəti danışıqların fevralda Cenevrədə keçiriləcəyini açıqlayıb
# 30 yanvar 2014 15:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələri fevralda Cenevrədə keçiriləcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqların ilk raundunun fevralın ortalarından axırlarınadək olan bir müddət içərisində keçirilməsi planlaşdırılır: “Növbəti danışıqlarda əsas müzakirə məsələlərindən biri Ərak ağır su nüvə reaktoru olacaq. İran bu nüvə reaktoru ilə bağlı mövcud narahatlıqları aradan qaldırmağa hazırdır. Ərak ağır su nüvə reaktoru başqalarının yardımı olmadan bizim 30 ildən çox ağır elmi səylərimizin nəticəsidir. Bu, milli qürur məsələsidir”.

A.Əraqçı deyib ki, növbəti nüvə müzakirələrini təsvir etmək çətindir: “Lakin hər iki tərəf ümumi məqsədə nail ola bilib. Ona görə mən çətin olsa da, növbəti müzakirələrdə kompromisin əldə ediləcəyinə inanıram”.

Qeyd edək ki, bundan əvvəl bəzi mətbu orqanlar İranla “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələrinin ABŞ-ın Nyu-York şəhərində keçiriləcəyi barədə məlumat yayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR