İranın Buşəhr vilayətində təkrar zəlzələ baş verib

İranın Buşəhr vilayətində təkrar zəlzələ baş verib
# 29 noyabr 2013 07:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün səhər saatlarında İranın Buşəhr vilayətində təkrar zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Buşəhr vilayətinin Borazcan şəhərinə təsadüf edib.

4,1 bal gücündə olan zəlzələ noyabrın 29-da Bakı vaxtı ilə saat 10:05-də (Tehran vaxtı ilə 09:35-də) yerin 8 km dərinliyində meydana gəlib. Təbii fəlakət Borazcandan 7 km, Səədabadan 23 km və Abpəxşdən 24 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən gün axşam saatlarında İranın Buşəhr vilayətində 5,7 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumata görə, 8 nəfər ölüb, yüzlərlə adam yaralanıb. Ölən, yaralanan və xəsarət alanlar arasında qadın və uşaqlar da var. Təbii fəlakət əsasən Borazcan, Dəştestan, Abpəxş və Səədabad şəhərlərinə ciddi ziyan vurub. Belə ki, bəzi evlərin divarları uçub, bəzilərinin divarlarında çatlar əmələ gəlib, kommunikasiya xətləri və digər infrastrukturlara ciddi ziyan dəyib. Yerli camaat küçə və meydanlarda gecələmək məcburiyyətində qalıblar. Çünki kiçik təkanlar gecə boyunca davam edib. İndiyədək 24 yeraltı təkan qeydə alınıb. Hadisə ilə bağlı İran prezidenti Həsən Ruhani ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara Allahdan şəfa diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR