Vyanada Avropa Qəzet Konqresinin illik toplantısı keçirilir

Vyanada Avropa Qəzet Konqresinin illik toplantısı keçirilir
# 06 may 2013 11:46 (UTC +04:00)

Vyana. Vüqar Mustafayev - APA. Bu gün Vyanada (Avstriya) Avropa Qəzet Konqresinin növbəti illik toplantısı işə başlayıb.

APA-nın məlumatına görə, Vyana şəhər meriyası və "Japan Tobacco International" şirkətinin dəstəyi ilə təşkil olunan toplantıda əksər Qərbi və Mərkəzi Avropa, postsovet ölkələrini təmsil edən KİV-nin rəsmiləri iştirak edirlər.

Tədbirdə qeyd olunub ki, müasir dünyada KİV-in iş şəraiti kifayət qədər dəyişib. Eyni zamanda, müasir texnologiyaların tətbiqi nəticəsində jurnalistlərin işlərinin əhatə dairəsi genişlənib. Bu gün KİV-in əsas məqsədi məlumatları operativ və obyektiv şəkildə istehlakçılara çatdırmaqdır. KİV aktual problemlərin ictimai müzakirəsini təmin edən demokratiyanın əsas alətlərindəndir.

Tədbirdə çıxış edən ABŞ-ın Kolumbiya Universitetinin müəllimi, «The Guardian» qəzetinin keçmiş jurnalisti Emeli Bell bildirib ki, müasir texnologiyalar mətbuatın işini əhəmiyyətli şəkildə dəyişib. Əgər əvvəllər hansısa qəzet və ya xəbər agentliyinin ofisi iri bir fabriki xatırladırdısa, bu gün redaksiyalar xeyli kiçilib, əhəmiyyətli şəkildə ixtisarlar aparılıb. Belə ki, təkcə ABŞ-da 2005-ci ildən indiyədək 25 aparıcı qəzetin tirajı 40% azalıb. Həmçinin reklam gəlirləri xeyli azalıb ki, bu da öz növbəsində qəzetləri məsrəflərini azaltmaq məcburiyyətində qoyub. E.Bell bildirib ki, hazırda dünyada müxtəlif xəbər mənbələri meydana qəlib ki, oxucuları daha operativ və xeyli ucuz şəkildə məlumatlandırmaq şəraiti yaradıb: «Bizim vəzifəmiz ənənəvi mətbuatla müasir xəbər mənbələrinin inteqrasiyasını təmin etməkdir. Son vaxtlar xəbərlərdəki dinamika da xeyli artıb. Bu gün xəbərlərin içində daha çox video materiallarından istifadə olunur. Eyni tendensiyanı reklam industriyasında da müşahidə edirik».

İki gün davam edəcək iclas iki əsas sessiyada keçiriləcək. Bunlardan biri Avropa nəşriyyatçılarının forumu, ikincisi isə Avropa redaktorlarının forumu ikimi təşkil olunub.

Konqresin toplantısının ilk günündə müasir dünyada xəbərlərin formalaşması və ictimaiyyətə təqdim olunması yolları, rəqəmsal daşıyıcıların məlumatların yayılması sahəsində rolu, operativliyin təmin olunması, KİV-lərin ən aktual problemləri, bazar günü qəzetlərinin iş prinsipi və inkişaf perspektivləri, sosial şəbəkələrin rolu kimi məsələlər ətrafında çıxışlar dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Azərbaycanı bu toplantıda APA İnformasiya Agentliyi və «AzərTAc» Dövlət Agentliyi təmsil edir. Səfər "Japan Tobacco International" şirkətinin Bakı ofisinin dəstəyi ilə təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR