Azərbaycanla Macarıstan sahibkarları əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycanla Macarıstan sahibkarları əməkdaşlığı genişləndirir - <span style="color: red;">FOTO
# 13 iyun 2014 14:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Macarıstan Sahibkar və İşəgötürənlər Assosiasiyasının vitse-prezidenti Peter Lörincze ilə görüşüb.

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, M. Musayev və P. Lörincze iki ölkənin sahibkarlıq təşkilatlarının fəaliyyətini müzakirə ediblər.

ASK rəhbəri bildirib ki, əlverişli biznes və investisiya mühitinin formalaşmasının real nəticəsi olaraq ölkəmiz artıq investisiya ixrac edən ölkəyə çevrilib. O, macar assosiasiyasını fəal əməkdaşlığa dəvət edərək, bundan sonra konkret iş görməyin vaxtı çatdığını dilə gətirib. İki ölkə sahibkarlarının qarşılıqlı əməkdaşlıq etməsi üçün ASK-nın körpü rolunu oynayacağını əminliklə qeyd edib: “Ölkə iqtisadiyyatının inkişafı istiqamətində milyonlarla dəyəri olan investisiyalar yatırılır ki, bazarda macar sahibkarlar da bu imkanda bəhrələnə bilərlər”.

M. Musayev nəinki Azərbaycan bazarına, o cümlədən qonşu ölkələrin bazarına macar şirkətlərinin məhsullarının çıxarılmasına dəstək göstərəcəklərini də istisna etməyib. ASK-nın tərkibində fəaliyyət göstərən “Biznes Konsaltinq” MMC-nin xarici şirkətlərin ölkəmizdə qeydiyyatdan keçməsinə köməklik göstərdiyini deyən təşkilat rəhbəri macar iş adamlarını azərbaycanlı sahibkarlarla sənaye, kənd təsərrüfatı, inşaat, turizm və digər sahələrdə layihələri birgə müzakirə etməyə və əlaqələri daha da genişləndirməyə dəvət edib.

Qeyd olunub ki, Macarıstan şirkətləri Azərbaycanda əsasən kənd təsərrüfatı və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər.

P. Lörincze əlaqələrin bundan sonra da davamlı olaraq inkişaf edəcəyinə əminliyini bildirib, iş adamları arasında əlaqələrin Macarıstan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafına təkan verəcəyini vurğulayıb. Macarıstan iqtisadiyyatı, ölkəsinin biznes və investisiya imkanları barədə məlumat verən qonaq macar şirkətlərinin kənd təsərrüfatı, səhiyyə, turizm, enerji sahələrində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR