MDB-nin medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı gələn il Bakıda keçiriləcək

MDB-nin medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı gələn il Bakıda keçiriləcək
# 01 oktyabr 2013 10:24 (UTC +04:00)

Bakı - APA. Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı gələn il Bakıda keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə qərar qurumun sentyabrın 27-dən 29-dək Ukraynanın Odessa şəhərində keçirilən illik toplantısında qəbul edilib. Qərara əsasən şəbəkəyə sədrlik ölkəmizə keçib. Qurumda təmsil olunan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qarşıdakı bir il müddətində şəbəkəyə sədrlik edəcək.

Qeyd edək ki, Odessada baş tutan illik toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məruzə edib. Toplantıda həmçinin özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri müzakirəyə çıxarılıb.

Bakı toplantısının gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrdə bildirilib ki, internet media resurslarının sürətlə artdığı bir şəraitdə onların ictimai tənzimlənməsi zamanı fərqli metodlardan istifadə zəruridir. Sahəni daha dərindən tədqiq etməyə, söz və ifadə azadlığına təhlükə yarada biləcək mümkün manipulyasiya vasitələrinin, o cümlədən plagiat hallarının aradan qaldırılması istiqamətində konkret tədbirlərə ehtiyac var. Buna görə də Bakı toplantısında şəbəkəyə üzv hər bir qurumun məsələ ilə əlaqədar ayrıca proqram hazırlaması zəruridir.

Söz və ifadə azadlığının müxtəlif aspektlərinin də nəzərdən keçirildiyi toplantıda şəbəkənin məsul katibi kimi MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR