İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı fəallar azadlıqdan məhrum edilib

İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı fəallar azadlıqdan məhrum edilib
# 10 dekabr 2013 14:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı fəallar Davud Əzimzadə və Bəhmən Xaliqini ümumilikdə üç il azadlıqdan məhrum edilib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Marağa İnqilab Məhkəməsinin birinci şöbəsi D.Əzimzadəyə ölkənin milli təhlükəsizliyini pozmağı qarşısına məqsəd qoyan qanunsuz qruplara üzv olmaq ittihamı ilə biri ili 5 il müddətinə təxirə salınmaqla 2 il həbs, B.Xaliqiyə isə eyni ittihamlarla 6 ayı 5 il müddətinə təxirə salınmaqla 6 ay həbs cəzası verib. Azərbaycanlı fəalları vəkil Cəfər Əfşarniya müdafiə edib.

Qeyd edək ki, D.Əzimzadə 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin təcavüzkar Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq keçirilmiş aksiyada iştirak etdiyi üçün həbs olunub. Həbs müddətinin yarısını İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında keçirən azərbaycanlı fəal ağır işgəncələrə məruz qalıb. D.Əzimzadə martın 14-də 500 milyon riyal zəmanətlə azadlığa buraxılıb.

“İşıq” kitab mağazasının sahibi olan B.Xaliqi isə ETTELAAT əməkdaşları tərəfindən yanvarın 13-də Binab şəhərindəki mənzilində tutulub. Evdə yoxlama aparılıb, azərbaycanlı fəala məxsus kompüter və Azərbaycan dilində nəşr etdiyi kitablar götürülüb. B.Xaliqi də 2012-ci il dekabrın 27-də İranın Şərqi Azərbaycan vilayəti ilə Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq Marağanın “Müsəlla” meydanında keçirilmiş aksiyada iştirak etdiyinə görə həbs olunub. Azərbaycanlı fəal bu il fevralın 20-də günorta saatlarında sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR