Astanada Azərbaycan muğam ifaçılarının konserti keçirilib

Astanada Azərbaycan muğam ifaçılarının konserti keçirilib
# 23 iyun 2014 16:33 (UTC +04:00)

Bakı - APA. Qazaxıstanın Astana şəhərində “Astana Keşteri” (Astana Axşamları) festivalı çərçivəsində Azərbaycan muğam ifaçılarının konserti keçirilib.

APA-nın məlumatına görə, JTI şirkətinin dəstəyi ilə baş tutan konsertdə tarzən Malik Mansurovun rəhbərlik etdiyi “Muğam” instrumental ansamblının solistləri Elnur Zeynalov, Vüsalə Musayeva və Nigar Şabanova çıxış edib.

Muğam ifaları və təsniflər, xüsusilə də konsertin sonunda ifa edilən “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Konsertdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin və diaspor təşkilatlarının nümayəndələri, habelə Qazaxıstanın mədəniyyət xadimləri iştirak ediblər.

Qeyd edək ki, “Astana Keşteri” “Deqdar” humanitar fondu tərəfindən hər il keçirilən festivaldır. Festival Astana şəhərinin əsasının qoyulmasına həsr edilib və məqsədi Qazaxıstan cəmiyyətini dünya mədəniyyətinin inciləri ilə tanış etməkdir. Festival çərçivəsində keçirilən bütün konsertlərə giriş ödənişsizdir. “Deqdar” fondunun Qəyyumlar Şurasının sədri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı, Qazaxıstan Məclisinin deputatı Dariqa Nazarbayevadır.

Azərbaycan muğam ifaçıları bu festivalda ilk dəfə iştirak edib.

Təşkilatçılar Azərbaycan muğam ifaçılarının çıxışını yüksək qiymətləndirib, onların gələcək festivallarda da iştirak edəcəyinə ümidvar olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR