“Şəffaflığın və informasiya azadlığının təmin edilməsi” mövzusunda təlim keçirilib

“Şəffaflığın və informasiya azadlığının təmin edilməsi” mövzusunda təlim keçirilib
# 18 oktyabr 2013 08:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra edilməsinə dair “Şəffaflığın və informasiya azadlığının təmin edilməsi” mövzusunda təlim keçirib.

APA-nın məlumatına görə, təlimdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov da iştirak edib.

Öncə A. Şəfərxanlı “İnsan hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə və bu sahələrdə Ombudsman Aparatının fəaliyyəti ilə bağlı təlim iştirakçılarını məlumatlandırıb, Ombudsman Aparatının fəaliyyət planı barədə, müvəkkilin keçirdiyi görüşlər barədə danışıb.

“ASAN Xidmət- Azərbaycanın yeni brendi” mövzusunda A. Hüseynov çıxış edib. O bildirib ki, “ASAN xidmət” vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasını, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunmasını, dövlət strukturlarına etimadın daha da gücləndirilməsini, şəffaflığın artırılmasını təşkil edir: “Bu yaxınlarda Gəncə şəhərində də “ASAN xidmət” fəaliyyətə başlayacaq. Ümumiyyətlə, 2014-cü ilin sonuna kimi bu xidmət növü bütün ölkə ərazisini əhatə edəcək”.

Daha sonra “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na dair AQUPDK-nın hüquq şöbəsinin məsləhətçisi Tural Hüseynzadə məlumat verib.

Tədbirin sonunda AQUPDK-nın İnformasiya və Analitik Araşdırmalar şöbəsinin aparıcı məsləhətçisi Şamo Salayev Komitənin elektron hökumət istiqamətindəki fəaliyyəti barədə təqdimatla çıxış edib.

Çıxışlar bitdikdən sonra müzakirələrə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR