Xaqani Məmmədov: “Həmin qol qeydə alınmamalı idi”

Xaqani Məmmədov: “Həmin qol qeydə alınmamalı idi”
# 04 noyabr 2013 12:31 (UTC +04:00)

Bakı – APA. “Neftçi” ilk qolu oyundankənar vəziyyətdən vurdu”. Bu sözləri apasport.az saytına müsahibəsində AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Topaz Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Neftçi” – “Xəzər Lənkəran” matçında (4:1) meydan sahiblərinin vurduğu ilk 2 qol qarşı tərəfin narazılığına səbəb olub. Cənublular ilk qolun oyundankənar vəziyyətdən vurulmasından, ikincidə isə Mahir Şükürovun penalti zərbəsini yerinə yetirərkən, qayda pozuntusuna yol verməsindən şikayətçidirlər.

Məmmədov bildirib ki, ilk qol vurulan zaman yan xətt hakimi Elman Musayev səhvə yol verib. Lakin penalti zərbəsi qaydalar çərçivəsində yerinə yetirilib: “Matçı stadionda canlı izləyirdim. Qol vurulan anda hiss etdim ki, oyundankənar vəziyyət var. Çox təəssüf ki, həmin epizodda yan xətt hakimi Elman Musayev səhvə yol verib. Həmin qol qeydə alınmamalı idi. Qarşı tərəfin iradını haqlı sayıram. Penalti epizoduna gəlincə, qaydalarda yazılıb ki, futbolçu qaçışın qurtardıqdan sonra aldadıcı fənd işlədərsə, bu, qayda pozuntusudur. Mahir topun ətrafında əlavə hərəkət etsəydi, başqa məsələ”.

Sonuncu turda keçirilən “Sumqayıt” – AZAL görüşü (0:0) ilə bağlı da mübahisəli epizod var.

Belə ki, meydan sahibləri hesab edirlər ki, Ruslan Qurbanov qapıçı ilə təkbətək qaldığı məqamda Ruslan Məcidov cərimə meydançasından kənarda əllə oynayıb. Ancaq Xaqani bəy bu iddianı yersiz sayır: “Həmin epizodda qayda pozuntusundan söhbət gedə bilməz. Qapıçı cərimə meydançasından kənarda topu vurur, top onun yarım metrliyində olan futbolçuya dəyib geri qayıdır və onun əlinə toxunur. Yəni, burda bilərəkdən əllə oyun yoxdur. Top ani sıçrayışdan sonra əli tapıb. Baş hakim vəziyyəti düzgün qiymətləndirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR