Kəmaləddin Heydərov: “İranla Azərbaycan arasında qarşılıqlı yardım haqqında əməkdaşlıq müqaviləsinin imzalanmasına ehtiyac var”

Kəmaləddin Heydərov: “İranla Azərbaycan arasında qarşılıqlı yardım haqqında əməkdaşlıq müqaviləsinin imzalanmasına ehtiyac var”
# 16 mart 2014 17:22 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Tehranda İranın daxili işlər nazirinin müavini, həmçinin ölkənin böhran vəziyyətinin idarə edilməsi təşkilatının sədri İsmayıl Nəccarla görüşüb.

APA-nın İranın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında sel, zəlzələ, torpaq sürüşməsi, yanğın və digər fövqəladə hallarda əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

İ.Nəccar bildirib ki, İranın müxtəlif təbii fəlakətlərlə, məsələn, sel, zəlzələ, torpaq sürüşməsi və digər fövqəladə hallarla mübarizə sahəsində təcrübəsi var: “Biz bu sahədəki təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq. Biz qısa müddətdə təbii fəlakət zonasında zərərçəkənlərin müəyyən avadanlıqlarla təchiz edilməsi, yenidənqurma və bərpa işləri də daxil olmaqla müxtəlif işləri həyata keçirə bilərik”.

O, İran və Azərbaycan arasında fövqəladə halların qarşısının alınması sahəsində birgə təlimlər keçirilməsini təklif edib: “Bu sahədə iki ölkə arasında birgə təlimlərin keçirilməsi fövqəladə hallarla mübarizədə daha müsbət təsir göstərə bilər”.

K.Heydərov isə öz növbəsində hər iki ölkənin neft və qaz ölkəsi olmasını nəzərə alaraq Azərbaycanın fövqəladə halların qarşısının alınmasında, xüsusilə sənaye tullantılarının aradan qaldırılması sahəsində İranla əməkdaşlığa hazır olduğunu vurğulayıb: “İranın şimal bölgələrində iki ölkə arasında birgə təlim-məşqlərin keçirilməsi bu bölgədə qarşılıqlı yardımın gücləndirilməsi üçün mühüm addımdır. Xəzər dənizində və ya ətraf meşələrdə baş vermiş yanğını söndürülməsi zamanı bəzən həmin ərazilərə yalnız helikopterlərin köməyi ilə qüvvələr göndərmək mümkündür. İki ölkə arasında qarşılıqlı yardım haqqında əməkdaşlıq müqaviləsinin olmaması fövqəladə halların qarşısının alınmasında xilasetmə işlərinə çətinlik yaranmasına və gecikməyə gətirib çıxarır. Bu sahədə sazişin imzalanması fövqəladə hallarla mübarizədə iki ölkə arasında əlaqlərin güclənməsində və genişlənməsində müsbət rolu ola bilər”.

Nazir həmçinin Azərbaycanda torpaq sürüşməsinin qarşısının alınması sahəsində mühüm addımların atıldığını qeyd edib. K.Heydərov deyib ki, Azərbaycan torpaq sürüşməsi nəticəsində yaranacaq fəlakətin qarşısının alınması məqsədilə bu təhlükə ilə üzləşmiş bəzi kəndlərin yerinin dəyişdiriməsində də təcrübəyə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR