Naftalan və Yessentuki qardaşlaşıb

Naftalan və Yessentuki qardaşlaşıb
# 03 aprel 2014 15:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiyanın Stavropol diyarının hökumət sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


APA-Economics”in verdiyi məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Rusiya arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O bildirib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb: “Bir sıra sənədlər isə razılaşdırma mərhələsindədir. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 mln. ABŞ dollar, qeyri-neft sektoruna isə 168,9 mln. dollar investisiya yatırılıb”.

O bildirib ki, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə 995,5 mln. dolları təşkil edib: “Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafında indiyədək 13 iclası keçirilmiş hökumətlərarası komissiyanın fəaliyyəti əhəmiyyətlidir. 2013-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox, Stavropol diyarı ilə isə 60%-ə yaxın artıb. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və Azərbaycan qonşu Rusiya, o cümlədən Stavropol diyarı ilə əlaqələrin genişlənməsində maraqlıdır”.

A. Murqa hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. Qonaq Azərbaycanın Rusiyanın federal subyektləri, o cümlədən Stavropol diyarı ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi məqsədilə birgə biznes forum, sərgi və digər tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün sonunda Azərbaycanın Naftalan şəhərinin İcra Hakimiyyəti və Rusiyanın Yessentuki şəhərinin Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma haqqında Saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR