Ucarda sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib

Ucarda sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib
# 14 mart 2014 14:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Ucar rayonunda Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, seminar «Biznes planların və investisiya layihələrinin hazırlanması», «Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında olub.

Tədbirdə iştirakçılara biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi metodikası, istehsalat planı, maliyyə planı və s. barədə ətraflı məlumatlar verilib, «Biznes planların və investisiya layihələrinin hazırlanması» mövzusunda təqdimat keçirilib.

Treninqdə həmçinin, sahibkarlar risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə məlumatlandırılıb, «Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması» mövzusunda təqdimat keçirilib.

Bununla yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR