Nuşirəvan Məhərrəmli: “MTRŞ-in efir məkanında dilçilik məsələlərinə qarışmaq səlahiyyəti yoxdur” - MÜSAHİBƏ

Nuşirəvan Məhərrəmli: “MTRŞ-in efir məkanında dilçilik məsələlərinə qarışmaq səlahiyyəti yoxdur” - <span style="color: red;">MÜSAHİBƏ
# 08 may 2014 16:38 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova, Ramiz Mikayıloğlu - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi

- Azərbaycanda yeni regional telekanalların yaradılması gündəmdədirmi?

- Azərbaycanın regionlarında telekanalların açılması həmişə MTRŞ-nin gündəmində, diqqətindədir. Amma biz ölkə miqyasında yayımlanması üçün “Region TV”-yə lisenziya verdik. Regionlarda gedən proseslərin işıqlandırılması, ölkə ictimaiyyətinə çatdırılması üçün “Region TV”-ni yaratdıq və bu məqsədə də xidmət edir. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir, ona uyğun olaraq regionlarda baş verən prosesləri ölkə ictimaiyyətinə çatdırmaq üçün belə bir telekanalın yaradılmasına qərar verdik. Bu telekanal bu günlərdə efirə çıxacaq. Ona görə də gözləməliyik ki, “Region TV” fəaliyyətində uğurlar əldə etsin. Ondan sonra zərurət yaranarsa, regionlarda yeni telekanalların fəaliyyətinə baxa bilərik. Amma hesab edirəm ki, hazırda Azərbaycanda həm televiziya, həm də regional televiziyaların sayı qənaətbəxşdir.

- Telekanallarda Bədii şuraların fəaliyyətinin özünü doğrultmadığını bildirmisiniz. MTRŞ tərəfindən bu sahədəki boşluğu doldurmaq üçün yeni addımların atılması gözlənirmi?

- Əslində telekanallarda Bədii şuraların yaradılması qanunvericilikdə nəzərdə tutulmayıb. Dövlət Proqramında Azərbaycan dilinin qorunması ilə bağlı müddəa vardı və telekanallar da Bədii şuralar yaratmağa borclu idilər. MTRŞ telekanalların rəhbərliyinə Bədii şuraları telekanalların yaradılmasını tövsiyə etdi. Çünki son zamanlar Azərbaycan dili ilə bağlı məsələlər gündəmdədir, prezident də bununla bağlı xüsusi proqram qəbul edib. Bu məsələyə hər bir vətəndaş xüsusi diqqət yetirməlidir. Bu, elə bir məsələdir ki, hər bir adama deməməlisən ki, sən bunu etməlisən. Hətta mən bəzən təəssüflənirəm ki, biz belə bir məsələni gündəmə çıxarırıq. Gərək belə məsələlər gündəmdə olmasın. Ümumiyyətlə, Bədii şuralar bir senzura rolu oynamalı deyil, telekanalların öz işlərini daha doğru-düzgün qurması, proqram siyasətləri üçün lazımdır. Həm də bu, mütəxəssislərdən ibarət olarsa, daha doğru olar. Çox təəssüf ki, bəzi telekanallar rəhbərlikdə olan şəxslərin adlarını yazdı, MTRŞ-ya Bədii Şuranın üzvləri kimi təqdim etdilər. Yalnız “Xəzər TV” və İctimai Televiziyanın MTRŞ-ə təqdim etdiyi siyahılarda mütəxəssislərin adlarını görürük.

- Azərbaycan telekanallarında zərərli dini cərəyanlara qarşı aparılan maarifləndirmə işləri, proqramlar sizi qane edirmi?

- MTRŞ telekanalların yaradıcılıq işlərinə qarışmır. Amma “Televiziya və radio yayımı haqqında” qanun var, televiziya və radio yayımçıları da bu qanuna əməl etməlidirlər. Telekanallar öz işlərini bu qanuna uyğun qururlar. Sadəcə, bu sahədə maarifləndirmənin aşağı, yuxarı səviyyəsi ola bilər. Bəzi telekanallarda bu sahədə maarifləndirmə aşağı, bəzilərində yuxarı səviyyədədir. Ancaq bu, artıq telekanalların öz daxili işləridir.

- Cəmiyyətdə zərərli dini cərəyanların təsirinə düşən gənclərlə bağlı ciddi narahatlığın olduğunu nəzərə alsaq, MTRŞ bu sahədə telekanallara yönəlik təşəbbüslərlə çıxış edə bilərmi?

- Tək zərərli dini deyil, ümumiyyətlə, bütün zərərli cərəyanların qarşısının alınması üçün təbliğat işlərini gücləndirmək lazımdır. Qloballaşma şəraitində həm bütün dünya, həm ölkə, həm də region miqyasında istər dini, milli, etnik və digər zərərli vərdişlərin aradan qaldırılması üçün maarifləndirməyə ehtiyac var. Bu sahədə maarifləndirmə işlərini artırmaq lazımdır.

- Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac duyulduğunu bəyan edib. Siz necə düşünürsünüz?

- XXI əsr informasiya əsridir, informasiya hər birimizin həyatında çox böyük rol oynayır. Bu baxımdan ölkənin informasiya təhlükəsizliyinin həyata keçirilməsi ciddi bir məsələ kimi qarşıda durur. Ona görə də konsepsiya, yaxud başqa bir strateji formada belə bir sənədin olması məqsədə uyğundur.

- Telekanallarda reklamlarla bağlı pozuntuların aradan qaldırılması sahəsində vəziyyət necədir?

- Tütün və spirtli içkilərlə bağlı reklamlar axşam saat 23:00-dan sonra verilməlidir. Bu sahədə problem yoxdur. Amma “Reklam haqqında” qanuna uyğun olaraq MTRŞ bu sahədə işini daha da gücləndirib. Hazırda Azərbaycanın efir məkanında telekanallar “Reklam haqqında” qanunun pozulması hallarını minimuma endiriblər. Biz məqsədimizə çatmağa çatmaq üzrəyik. Yalnız bir-iki telekanalda bu sahədə böyük problem var, bu problemi də biz danışıqlar yolu ilə aradan qaldıracağıq. Əvvəllər reklamlar həddən artıq çox olurdu, MTRŞ müəyyən qədər bu məsələni qanuna uyğunlaşdırmağa nail olub.

- Əsas xəbər bloklarında reklamlara daha çox yer verilməsi sahəsindəki problemlər aradan qaldırılıbmı?

- Əvvəllər çox idi, artıq ana xəbər bloklarında reklamlar azalıb. Əvvəllər ATV və “Xəzər TV”-də ana xəbər bloklarında reklamlar çoxluq təşkil edirdi, biz onları çıxartdırdıq. Bir məqamı da qeyd edim. Tutaq ki, bu gün hər hansı iri ticarət obyektinin açılışı varsa, onu xəbər kimi vermək lazımdır, bunu reklam kimi vermək olmaz. Lakin bəzi hallarda telekanallar iri ticarət obyektlərinin açılışından sui-istifadə edirdilər, biz də belə halların qarşısını aldıq.

- Azərbaycanın efir məkanına müdaxilə hallarına yenə də rast gəlinirmi?

- Azərbaycanın efir məkanına müdaxilə halları getdikcə tədricən aradan qalxır. Rəqəmsal yayıma keçəndən sonra bu problemin həlli daha da asanlaşır. Həm də ölkələr arasında münasibətlər normal olduqca bu problemlər də sıfıra enir. Ancaq düşmən efir məkanına müdaxilə hallarından istifadə edirlər, bunun da qarşısını almaq asan deyil. Yəni düşmən ölkə məqsədinə çatmaq üçün müəyyən vasitələrdən istifadə edir. Təbii ki, biz də ona qarşı adekvat addım atırıq.

- ANS ÇM radiosunun efirində erməni mahnılarının səsləndirilməsi ilə bağlı iradınız hələ də nəzərə alınmırmı?

- Biz o işlərə qarışmırıq, artıq o cür məsələlər qanunla müəyyənləşir.

- Bu kimi halların aradan qaldırılması üçün MTRŞ-ya əlavə səlahiyyətlər verilməsinə ehtiyac varmı?

- Biz əvvəllər MTRŞ-in səlahiyyətlərinin artırılmasının zəruriliyini qeyd etmişdik. Amma çox təəssüf ki, buna lazımi cavab verilmədi. Ona görə də daha bu haqda düşünmürük.

- Bu sualı ona görə ünvanladıq ki, sizə bir çox məsələlərlə bağlı müraciət edəndə bir çox hallarda deyirsiniz ki, MTRŞ-in bu sahədə səlahiyyəti yoxdur...

- MTRŞ tənzimləyici bir qurumdur. Azərbaycandakı “Televiziya və radio yayımı” haqqında qanun Avropa ölkələri içərisində müvafiq sahəyə dair ən liberal qanundur. Bu, bizim televiziya və radio yayımçılarına daha çox sərbəstlik verir. O baxımdan biz telekanalların işinə qarışa bilmirik. Amma cəmiyyət bu sahədəki problemlərin həlli üçün müraciət edir, biz də o problemləri həll edə bilməyəndə təbii ki, bir boşluq yaranır.

- Efir məkanımızda Azərbaycan ədəbi dilinin qorunması məsələsindən danışarkən AMEA Dilçilik İnstitutunun bu sahədə fəallığının zəruriliyini qeyd edirsiniz. Bu mövqe nədən qaynaqlanır?

- Dilçilik məsələsi ilə bağlı bizə müraciət edirsiniz, amma MTRŞ-in qanunla efir məkanında dilçilik məsələlərinə qarışmaq səlahiyyəti yoxdur. Tutaq ki, siz Azərbaycan dili haqqında qanunu pozursunuzsa, biz nə edə bilərik? Biz mütəxəssis deyilik ki, dillə bağlı hansı fonetik, qrammatik sahədə pozuntulara yol verirsiniz. Bunu təbii ki, mütəxəssislər deməlidir. Mütəxəssislər rəyini bildirəndən sonra o televiziya kanalına qarşı hər hansı tədbir görmək bizim işimizdir. Tutaq ki, biz efir məkanında olan aparıcıların dillə bağlı mövcud biliyini aşkar edə bilmərik. Bunu mütəxəssislər aşkar edə bilər. MTRŞ-də dilçilik üzrə mütəxəssislər əyləşmirlər ki.

- Bəs MTRŞ AMEA-nın Dilçilik İnstitutu ilə bu sahədə əməkdaşlıq edirmi?

- MTRŞ AMEA Dilçilik İnstitutu ilə əməkdaşlıq edir. 3 ildir ki, biz birlikdə davamlı şəkildə monitorinq keçirir, o monitorinqin nəticələrini ictimaiyyətə açıqlayırıq. Bu, bizim bu sahəyə göstərdiyimizin diqqətin bir nümunəsidir. Amma bilavasitə üzərimizə qoyulan vəzifə deyil. Bunun ciddi bir məsələ olduğunu görərək AMEA Dilçilik İnstitutu ilə birlikdə bu tədbirləri keçirmişik və bu əməkdaşlığımız indi də yüksək səviyyədə davam edir. Amma dilçilik elə bir məsələdir ki, onu qısa bir müddətdə həll etmək çətin məsələdir. Çünki hərə bir öz fikrini ifadə edir və başqaları da onun fikrini başa düşürsə, məsələ həllini tapır.

- Hazırda dialektlərin, ləhcələrin telekanalların efirindən yığışdırılması nə dərəcədə aktual problemlər sırasındadır?

- Əgər biz orta məktəbdə “Azərbaycan dili” dərsini keçiriksə və Azərbaycan ədəbi dil qaydalarını öyrədiriksə, Azərbaycan efir məkanında da ədəbi dil qaydaları təbliğ olunmalıdır. Yəni hər hansı bir bölgənin dialektində danışmaq olmaz. Təbii ki, tamaşalarda, filmlərdə ola bilər, amma aparıcının danışığı hər hansı bir ləhcəyə sığa bilməz. Bu, qətiyyən yolverilməzdir. Şəkidə ədəbi dil qaydaları Şəki ləhcəsinə, Qubada Quba ləhcəsinə, Naxçıvanda Naxçıvan ləhcəsinə uyğunlaşdırılmır ki? Məktəblərdə Azərbaycan ədəbi dili qaydaları tədris edilir. Ona uyğun olaraq insanlar efirdə Azərbaycan ədəbi dilinin qaydalarını təbliğ etməlidirlər.

- Ötən dövr ərzində bu sahədə irəliləyişlərə nail olunubmu?

- Müəyyən irəliləyişlər var. Artıq monitorinqlər keçirilir və aparıcılar danışıq qaydalarına fikir verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR