Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Vyanada prokurorların 16-cı Forumunda iştirak edib

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Vyanada prokurorların 16-cı Forumunda iştirak edib
# 31 oktyabr 2013 14:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Oktyabrın 27-30-da Avstriyanın Vyana şəhərində Avropa Komissiyası, Avstriyanın Ədliyyə Nazirliyi və Almaniyanın Saksoniya vilayət prokurorluğunun birgə təşkilatçılığı ilə korrupsiya və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə həsr olunmuş Prokurorların 16-cı Forumu keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumun sessiyalarında korrupsiya və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahələri üzrə ixtisaslaşmış qurumların rəhbər vəzifəli şəxsləri, beynəlxalq ekspertlər, habelə nüfuzlu elmi işçilər iştirak ediblər. Tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev təmsil edib.

Forumun korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunan ilk sessiyasında çıxış edən Kamran Əliyev ölkəmizdə həyata keçirilən kompleks, ardıcıl və sistem xarakterli qanunvericilik və institusional tədbirlər barəsində geniş məlumat verib. Bu sahədə cəzaların daha da sərtləşdirildiyini diqqətə çatdıran K.Əliyev preventiv tədbirlərin həyata keçirilməsinə də böyük önəm verildiyini bildirib. O, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini belə qabaqlayıcı tədbirlərin bariz nümunəsi kimi göstərib.

Tədbir çərçivəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Martin Kreutner, Avstriyanın İqtisadi Cinayətkarlığa və Korrupsiyaya qarşı mübarizə üzrə Prokurorluğunun rəhbəri xanım İls-Maria Vrabl-Sanda, habelə bir sıra digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR