Prezident İlham Əliyev: “Bu ilin yay aylarında Ələtdə yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsi tamamlanmalıdır”

Prezident İlham Əliyev: “Bu ilin yay aylarında Ələtdə yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsi tamamlanmalıdır”
# 15 aprel 2014 08:56 (UTC +04:00)

Bakı - APA. “Yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcək. Yeni aerovağzal kompleksinin tikintisi tarixi hadisədir. Bu, dünya miqyasında ən gözəl aerovağzal komplekslərinin arasında olacaq. Nəzərə alsaq ki, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər artıq adi hal alıb, bu aeroportun ölkəmizin ümumi inkişafında rolu çox böyük olacaq. Bu, ölkəmizə bir giriş qapısıdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

Dövlət başçısı bildirib ki, bu ilin yay aylarında Ələtdə yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsi artıq tamamlanmalıdır: “Bu, böyük bir layihədir. Ələtdəki liman Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı olacaq. Qarşıya vəzifə qoyulub ki, bu ilin yayında artıq limanın birinci hissəsi istifadəyə verilsin, sonra ikinci mərhələdə işlər davam etsin. Hesab edirəm ki, buna nail olmaq mümkündür. Belə olan halda indiki dəniz limanı şəhərin mərkəzindən köçürüləcək və onun yerində ictimai yerlər yaradılacaq. Onsuz da artıq o limandan Zığ istiqamətinə yeni bulvar - Ağ şəhər bulvarı salınır. Onun indiki uzunluğu təqribən 2 kilometrdən bir qədər çoxdur. Orada yeni ictimai zonalar yaradılır. Oradan limanın mümkün qədər tez köçürülməsi imkan yaradacaq ki, tezliklə biz o zonanı da vətəndaşların sərəncamına verək. Oradan dəmir yolu xətləri də çıxarılacaq. Səkkiz zolaqlı sahil avtomobil yolu, gözəl bulvar tikilir. Yəni onsuz da yeni beynəlxalq dəniz limanı yaxın zamanlarda tam fəaliyyətə başlayacaq. Amma heç olmasa, birinci mərhələni biz yay aylarında artıq istifadəyə verməliyik”.

Prezident İ.Əliyev magistral yolların tikintisinin qrafik üzrə davam etdiyini qeyd edib: “Çünki magistral yollarımızın əksəriyyəti tikilib, indi işlər davam edir. Ancaq keyfiyyət ön planda olmalıdır, əsas diqqəti keyfiyyətə yönəltməliyik. Dəmir yolumuzun bərpası layihəsi aparılır, yeni vaqonlar, elektrovozlar alınmalıdır, müvafiq göstərişlər verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR