“Nida” üzvlərinin məhkəməsi davam etdirilib

“Nida” üzvlərinin məhkəməsi davam etdirilib
# 05 dekabr 2013 10:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Quliyevin vəkil Cavad Cavadlı çıxış edərək, müdafiə etdiyi şəxsə xuliqanlıqla bağlı verilən ittihamın mahiyyətinin ona və B. Quliyevə aydın olmadığını bildirib. O, ittihamın mahiyyətini izah olunması barədə vəsatət verib. Məhkəmə vəsatəti əsassız sayaraq təmin etməyib.

Daha sonra çıxış üçün söz təqsirləndirilən şəxslərə verilib. Təqsirləndirilən B. Quliyev hazırda mərhələdə ifadə vermək istəmədiyini deyib. B. Quliyev bildirilib ki, şahidlər dindirildikdən və istintaq tərəfinin sübutları araşdırıldıqdan sonra ifadə verəcək.

Məhkəmə B. Quliyevin dedikləri ilə razılaşmayıb və onun ibtidai istintaqa verdiyi ifadəni elan edib. Həmin ifadə B. Quliyev evində axtarış aparılan zaman ona məxsus paltarların içərisindən sellofan paketdə narkotik aşkar olunduğunu bildirib. Narkotik vasitənin və həyətlərində tapılan “Molotov kokteyli”nin ona məxsus olmadığını deyib. B. Quliyev ifadəsində son zamanlar “Nida” Vətəndaş hərəkatının qapalı toplantılarında inqilabi çevrilişlərlə bağlı söhbətlə aparıldığı söyləyib.

Proses dekabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, “Nida”nın 7 üzvü həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində “Təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.


Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR