Penitensiar müəssisələrə qadağan olunmuş əşyalar və narkotik keçirilməsinin qarşısı alınıb

Penitensiar müəssisələrə qadağan olunmuş əşyalar və narkotik keçirilməsinin qarşısı alınıb
# 14 oktyabr 2013 07:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan 1965-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 –cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş Kəmalə Məhərrəm qızı Sadıqovanın yanına qısa müddətli görüşə gəlmiş vətəndaş Aynur Müzəffər qızı Ağayevanın üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasından daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1976-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 178.3.2, 181.3.1, 181.3.2 və 228.3 maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş şəxs Elçin Lətif oğlu Abdullayevin yanına qısa müddətli görüşə gəlmiş vətəndaş Elxan Rüstəm oğlu Əliyevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman tortun içərisində 2 bükümdə şəffaf sellofana bükülmüş 55 ədəd dərman preparatı aşkar olunaraq götürülüb.

12 saylı Cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən də müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, 1985-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.2 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orxan Famil oğlu Vəliyevin yanına qısa müddətli görüşə gəlmiş anası Nigar Qəşəm qızı Vəliyevanın gətirdiyi sovqata baxış keçirilən zaman xurma qutusunda xurmanın içərisində gizlədilmiş, xalis çəkisi 14,83 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR