Gəncədə “SABAH qrupu” layihəsinin təqdimatı keçirilib - FOTO

Gəncədə “SABAH qrupu” layihəsinin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 16 may 2014 13:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Bu gün Təhsil Nazirliyinin əməkdaşları Gəncə Dövlət Universitetində (GDU) “SABAH qrupu”nun təqdimatını keçiriblər. APA-nın qərb bürosunun verdiyi məlumata görə, GDU-nun rektoru Yusif Yusifov “SABAH” qruplarının yaradılması barədə məlumat verərək qeyd edib ki, bu qrupların yaradılması ölkədə təhsilin inkişafı sahəsində aparılan uğurlu layihələrdən biridir.

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, “SABAH qrupu” Azərbaycanda ali təhsilin brendidir: “Bu cür qrupların məqsədi bacarıqlı, savadlı kadrların yetişdirilməsidir. “SABAH” qruplarına tələbələr Təhsil Nazirliyinin tabeliyindəki və özəl ali təhsil müəssisələrindən seçiləcək”. Ümumilikdə ali təhsil müəssisələrində tədrisin 148 ixtisas üzrə aparıldığını qeyd edən C.Valehov SABAH-ın 53 ixtisası əhatə edəcəyini bildirib.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, bu cür qrupların yaradılması müəllimlərin sonuncu qurultayında təhsil naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilib. O qeyd edib ki, adıçəkilən qruplarla bağlı qısa müddətdə ərzində xeyli işlər görülüb. “Azərbaycan iqtisadiyyatı bu gün inkişaf edir, ona görə də ölkəmizə güclü kadr potensialı lazımdır. Təhsil Nazirliyi kadr potensialını “SABAH” qruplar vasitəsi ilə həll etmək istəyir. Bu cür qrupların yaradılması Azərbaycanda bazarın tələblərinə xidmət edəcək. Bura 30-dan artıq universitetin 20 minə yaxın tələbəsi qatılacaq”.

Təhsil Nazirliyinin Tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov bildirib ki, “SABAH layihəsi” məzunlara böyük imkanlar verəcək və onlar fərqli dünyagörüşünə malik olacaqlar. Onun sözlərinə görə, bu qrupun məzunları əmək bazarında özlərini təsdiqləyə biləcəklər. Sektor müdiri bildirib ki, “SABAH” qrupuna qəbul olmaq üçün tələbələr iyunun 12-dək www.sabah.edu.az saytında qeydiyyatdan keçməlidirlər: “Qrupa sənəd verənlər üçün 2 şərt irəli sürülür. Birincisi semestr üzrə ən azı 61 bala malik olmaq, ikincisi isə SABAH qruplarına uyğun ixtisasda təhsil almaqdır. 8 baza-universitetdə yaranacaq SABAH qruplarında tələbələr 53 ixtisas qrupunda təmsil olunacaq. Bu ixtisaslara ölkə üçün prioritet ixtisaslar - sənaye, təbiət, sənaye və humanitar və digərləri daxildir. İlk olaraq növbəti tədris ilində 1300 tələbə II kursdan SABAH qruplarında təhsil ala biləcək. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaq. Bundan başqa tələbələrə xüsusi təqaüddə veriləcək. “SABAH” qrupunun tələbələri üçün həm tədris fərqli olacaq, həm də əlavə imkanlar yaradılacaq”.

Tədbirin davamından tələbələri maraqlandıran suallara cavab verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR