Böyük Britaniyanın Azərbaycandakı səfirliyində insan alveri ilə bağlı məlumatlandırma kampaniyasının açılış mərasimi olub

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində insan alveri  ilə bağlı məlumatlandırma kampaniyasının açılış mərasimi olub
# 22 oktyabr 2014 23:57 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva –APA. Böyük Britaniyanın Azərbaycandakı səfirliyində “ İki balaca qız” adlı məlumatlandırma kampaniyasının açılış mərasimi olub. APA-nın məlumatına görə, səfirliyin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə birgə həyata keçirdiyi kampaniyanın açılış mərasimində çıxış edən BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak kampaniya barədə məlumat verib. O, bu kampaniya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlərin həyata keçriləcəyini deyib. Daha sonra Britaniya səfiri İrfan Siddiq qonaqları salamlayaraq, bu kampaniyanın bir sıra ölkələrdə həyata keçirildiyini və effektiv olduğunu qeyd edib. Səfir kampaniyanın həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə öz təşəkkürünü bildirib.

Daha sonra mərasimdə DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki İmran Nəcəfov çıxış edib. O, insan alverinə qarşı mübarizənin bütün dünya üçün aktual olduğunu qeyd edərək, Azərbaycanın da bu mübarizəyə aktiv şəkildə qoşulduğunu vurğulayıb.

İnsan alverinə qarşı mübarizə ilə əlaqədar ilk dəfə 2004-cü ildə milli fəaliyyət planının hazırlandığını və bu sahədə böyük işlər görüldüyünü qeyd edən İmran Nəcəfov hazırda 2014-2018-ci illəri əhatə edəcək yeni milli fəaliyyət planının hazırlanması barədə məlumat verib. DİN rəsmisi son illər ərzində insan alverinə qarşı mübarizə ilə əlaqədar prezidentin üç fərman imzaladığını, Nazirlər Kabineti tərəfindən bir dövlət proqramı və 4 qaydanın hazırlandığını əlavə edib.

İmran Cəfərov 25 nazirlik, komitə və xidmətlərin insan alverinə qarşı mübarizəyə cəlb olunduğunu və hazırlanan milli fəaliyyət planında onların da tövsiyələrinin nəzərə alındığını qeyd edib. O, cəmiyyətin bu mübarizəyə aktiv şəkildə qoşulması və geniş məlumatlandırılması üçün Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı mədəni-kütləvi tədbirlərin keçrildiyini bildirib.

İmran Cəfərov insan alverinə qarşı mübarizə ilə bağlı 33 layihənin maliyyələşdirilməsi üçün 230 min manatdan çox vəsaitin ayrıldığını deyib.

Tədbirdə çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru xanım Renate Held insan alverinin dünyada ən gəlirli sahələrdən olduğunu və hər il 150 milyard dollar gəlir gətirdiyini və bunun 99 milyard dollarlıq hissəsinin cinsi istismardan qazanıldığını digər hissənin isə məcburi əməkdən gələn pay olduğunu deyib. BMqT-nin regional direktoru təşkilatın 1990-cı illərdən bu günə qədər müxtəlif ölkələrdə insan alverinə qarşı mübarizə ilə əlaqədar 1000-dən çox layihə həyata keçirdiyini qeyd edib. O, BMqT-nin insan alverinin qurbanı olan 65 min şəxsə yardım etdiyini əlavə edib.

Renate Held insan alverinə qarşı mübarizəyə Azərbaycanın aktiv yanaşdığını vurğulayaraq digər ölkələrə nümunə olduğunu bildirib.

Sonda insan alveri və cinsi istismarla bağlı “İki balaca qız” qısa animasiyalı filmi tədbir iştirakçılarına nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR