Dövlət Miqrasiya Xidmətində I Avropa Oyunları ilə əlaqədar aviaşirkətlərin nümayəndələri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətində I Avropa Oyunları ilə əlaqədar aviaşirkətlərin nümayəndələri ilə görüş keçirilib
# 10 aprel 2015 08:31 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Dövlət Miqrasiya Xidmətində ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətlərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, məqsəd I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi olub.

Görüşdə Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev bildirib ki, Azərbaycan prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək məsələlərə dair Tədbirlər Planı hazırlanıb və Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, Tədbirlər Planının icrası ilə bağlı mart ayında Xidmətdə keçirilmiş müşavirədə səlahiyyətli şəxslərə müvafiq göstərişlər verilib: “Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün Xidmətin müvafiq struktur bölmələrinin və sisteminə daxil olan qurumların əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb. Bu gün Azərbaycanın və ölkəmizə təşrif buyuran qonaqların, yarış iştirakçılarının, tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi baxımından ictimaiyyətin, həmçinin əcnəbilərin məlumatlandırılması, bu sahədə yarana biləcək sualların həlli ilə bağlı müvafiq tədbirlər görülür. Belə ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycana gələ və gedə bilərlər”.

P. Musayev onu da bildirib ki, I Avropa Oyunlarına bilet və ya bilet alışını təsdiq edən sənədi təqdim edən əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Oyunların açılışına 10 gün qalmışdan etibarən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər: “Xidmət I Avropa Oyunları ilə bağlı öz işini günün tələbləri səviyyəsində qurub və bu müddətdə ölkəmizə gələn əcnəbilərin miqrasiya ilə bağlı rahatlıqlarının təmin olunması üçün hər bir şərait yaradılıb. Yarışları izləmək üçün ölkəmizə əcnəbilərin kütləvi şəkildə təşrif buyuracaqlarını nəzərə alan Dövlət Miqrasiya Xidməti onların olduğu yer üzrə qeydiyyatının elektron qaydada aparılmasını təmin edib. Azərbaycan Respublikasının ərazisində 10 gündən artıq müvəqqəti qalacaq akkreditasiya olunmuş şəxslər, habelə I Avropa Oyunlarının iştirakçıları olduqları yer üzrə qeydiyyatdan azad olunublar. I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlar Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində də yerləşdirilib”.

Sonra qonaqlara akkreditasiya kartı və digər sənədlərin nümunələri təqdim edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR