Türkiyənin dövlət qulluqçuları Azərbaycanda səfərdədir

Türkiyənin dövlət qulluqçuları Azərbaycanda səfərdədir
# 25 avqust 2014 15:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Avqustun 25-də Türkiyənin 5 dövlət orqanını təmsil edən 10 nəfər dövlət qulluqçusundan ibarət nümayəndə heyəti Azərbaycanda səfərə gəlib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Türkiyənin Dövlət Kadrlar İdarəsinin, Ədliyyə Nazirliyinin, Əmək və Sosial Müdafiə Nazirliyinin, Maliyyə Nazirliyinin və Sosial Müdafiə İdarəsinin təmsilçiləri daxildirlər. Türkiyəli dövlət qulluqçuları üçün Azərbaycanın dövlət qulluğu sistemi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti barədə Komissiya əməkdaşlarının təqdimatları olub.

Tədbirdə Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, türkiyəli dövlət qulluqçularının bu səfəri təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan altıncı səfərdir.

O, qarşılıqlı səfərlərin dövlət qulluğu sahəsində iki qardaş ölkə arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini də nəzərə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin şöbə müdiri çıxış edərək dövlət qulluğu sahəsində qarşılıqlı səfərlərin hər iki ölkənin dövlət qulluqçuları üçün faydalı olduğunu qeyd edib.

Sonra Komissiyanın əməkdaşları “Azərbaycan Respublikasında dövlət qulluğu sistemi”, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti və dövlət qulluğuna qəbul”, “Dövlət qulluğuna dair qanunvericilik” və “Etik davranış qaydaları” mövzularında təqdimatla çıxış ediblər.

Türkiyəli dövlət qulluqçularının səfəri avqust ayının 29-dək davam edəcək. Bu müddət ərzində qonaqlar üçün Maliyyə Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətlərini əks etdirən təqdimatlar ediləcək. Bundan başqa qonaqlar qeyd olunan dövlət orqanlarına gedəcək və bu qurumların fəaliyyəti ilə əyani tanış olacaqlar.

Qeyd edək ki, tədbir “Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində hazırlanmış və bu il yanvarın 23-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR