Elmar Məmmədyarov Rumıniya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Elmar Məmmədyarov Rumıniya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
# 20 iyul 2016 14:48 (UTC +04:00)


Bakı. Türbət Bağırova - APA. Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Daniel Kristian Çiobanunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub.


Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söz açan E. Məmmədyarov, sözügedən layihələrin Xəzər və Qara dəniz hövzələri arasında bağlantıların artmasına əsaslı töhfə verəcəyini bildirib. O, Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa ölkəsi kimi Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığının inkişafında rolunu xüsusi qeyd edib.

D. K. Çiobanu ölkəsinin hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini diqqətə çatdırıb. Səfir ölkələr arasında enerji sahəsində əməkdaşlığa toxunaraq 19 iyul tarixində Bakıda ARDNŞ və Rumıniyanın “Transgaz” şirkəti arasında Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

E. Məmmədyarov Rumıniyanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair mövqeyinin təqdir edildiyini diqqətə çatdırıb. Nazir ölkələr arasında strateji tərəfdaşlığa əsaslanan siyasi dialoqun və dostluğun inkişafı, iqtisadi əlaqələrin genişlənməsi və ticarət dövriyyəsinin rekord həddə artması, mədəni-humanitar əlaqələrin təşviqi istiqamətində və NATO-nun əlaqələndirici səfiri statusunda həyata keçirdiyi uğurlu fəaliyyətə görə səfirə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR