Bakıda keçiriləcək neft-qaz sərgisində 200-dən çox şirkət iştirak edəcək

Bakıda keçiriləcək neft-qaz sərgisində 200-dən çox şirkət iştirak edəcək
# 31 may 2016 11:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyunun 1-4-dək Bakıda Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - 23-cü Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas 2016" sərgi və konfransı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgi və konfransı hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir.

Sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, “Caspian Oil & Gas” layihəsinə Energetika Nazirliyi və SOCAR tərəfindən də son dərəcə mühüm dəstək göstərilir.

Builki sərginin ekspozisiyası çərçivəsində 200-dən çox şirkət bir araya gələrək neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər. Bu il sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak edəcək. Öz növbəsində Çexiya, İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcəklər. Hər il “Caspian Oil & Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edirlər.

İyunun 2-3-də isə Bakıda keçiriləcək ənənəvi beynəlxalq “Caspian Oil & Gas” konfransında müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq.

Konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir. 50 nəfərdən çox natiq, o cümlədən dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri və iri neft-qaz şirkətlərinin rəhbərləri ucuz neft qiymətləri fonunda enerji resurslarının hasilatı, idarə olunması və nəqli sahəsində əsas məsələlərlə bağlı öz məruzələri ilə çıxış edəcəklər. Bu il ilk dəfə olaraq konfransda neft-qaz layihələri üçün peşəkar mütəxəssislərin hazırlanması mövzusuna da toxunulacaq. İclas çərçivəsində mütəxəssislər kadr hazırlığı və sosial məsuliyyət xüsusunda bazar iştirakçılarının öhdəliklərini, eləcə də istedad axtarışı sistemləri, təlim proqramları və əməkdaşların daha da məhsuldar olmalarına kömək edən digər texnologiyaların işlənib hazırlanmasını, məhsuldarlığın qiymətləndirməsi sistemlərini, kadr ehtiyatının formalaşdırılmasını və digər məsələləri müzakirə edəcəklər. Beləliklə, sərgi və konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcəkdir.

Bundan başqa, iyunun 1-4-də Bakıda Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 6-cı Xəzər beynəlxalq “Energetika və Alternativ enerji” (“Caspian Power 2016”) sərgisi keçiriləcək.

Sözügedən sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrulmağa müvəffəq olmuşdur. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Ənənəvi olaraq, “Caspian Power” sərgisi Xəzəryanı regionun neft-qaz sənayesi üzrə nəhəng tədbiri olan Beynəlxalq “Caspian Oil and Gas” sərgi və konfransı ilə eyni platformada keçiriləcək. Sərginin aktuallığı Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının fəaliyyətə başlaması, eləcə də külək turbinləri və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir. “Caspian Power” sərgisi Azərbaycan Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.

Sərginin iştirakçıları arasında Belarus, Çin, Polşa və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri ilə uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemlər, “LED” işıqlar, günəş batareyası panelləri, işıq-diod indikatorları, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommutasiya-paylayıcı cihazlar, habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra digər məhsullar təqdim olunur.

“Caspian Power 2016” sərgisi elektrik enerjisi sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR