Bakı – APA. 8 gündən sonra start götürəcək Avropa çempionatının ən dəyərli futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fransadakı turnirə qatılacaq 24 komandanın iştirak ərizəsində yer alan 552 oyunçu arasında ən yüksək qazanc Kriştianu Ronaldodadı.
Portuqaliya millisinin “Real”dakı ulduzu 67,4 milyon avro qazanır. O, ən yaxın izləyicisi olan isveçli Zlatan İbrahimoviçi 2 dəfədən də çox üstələyir. 3-cü pillədə uelsli Qaret Beyl qərarlaşıb. Bu iki futbolçunun ümumi qazancı Ronaldodakından azdı.
Maraqlıdı ki, siyahını tərtib edən İspaniyanın məşhur “Marka” nəşri Almaniya millisindəki karyerasını bitirən Filip Lamı da siyahıya salıb. Baxmayaraq ki, sabiq kapitan AÇ-də iştirak etməyəcək.
Ümumiyyətlə, ilk “onluq”da Almaniya yığmasının üzvlər daha çoxdu – 3 nəfər. Siyahıda İspaniyadan 2, Portuqaliya, İsveç, Uels, İngiltərə və Belçikanın hərəsindən 1 futbolçu yer alıb.
Klublardan isə “Real”, “Mançester Yunayted” və “Bavariya” hərəyə iki oyunçu ilə təmsil olunub. PSJ, “Barselona”, “Porto” və “Çelsi”nin 1 ulduzu ən dəyərlilər arasındadı.
1. Kriştianu Ronaldo (Portuqaliya, “Real”) – 67,4 milyon avro
2. Zlatan İbrahimoviç (İsveç, PSJ) – 28,5 milyon avro
3. Qaret Beyl (Uels, “Real”) – 25 milyon avro
4. Tomas Müller (Almaniya, “Bavariya”) – 23,6 milyon avro
5. Ueyn Runi (İngiltərə, “Mançester Yunayted”) – 22 milyon avro
6. Andres İnyesta (İspaniya, “Barselona”) – 21,5 milyon avro
7. İker Kasilyas (İspaniya, “Porto”) – 21 milyon avro
8. Filip Lam (Almaniya, “Bavariya”) – 18,9 milyon avro
9. Bastian Şvaynştayger (Almaniya, “Mançester Yunayted”) – 18,8 milyon avro
10. Eden Azar (Belçika, “Çelsi”) – 17 milyon avro