Yaşar Kamalın 1994-cü ildə hazırlanan və daha sonra yığışdırılan heykəli yerinə qaytarılıb - FOTO

Yaşar Kamalın 1994-cü ildə hazırlanan və daha sonra yığışdırılan heykəli yerinə qaytarılıb - <span style="color: red;">FOTO
# 11 mart 2015 13:54 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Fevralın 28-də vəfat edən məşhur yazıçı Yaşar Kamalın Mərmərə dənizinin sahilində 1994-cü ildə qoyulmuş, ancaq bölgədəki tikinti işləri ilə əlaqədar 2 il zibillikdə qalmış heykəli yenidən dənizin sahilinə qoyulub.

APA-nın Türkiyə bürosunun məlumatına görə, heykəlin zibilliyə atılmasına etiraz etmək məqsədilə Türkiyənin 5 yaradıcılıq qurumu Yenikapı limanında 11 martda etiraz aksiyası keçiriləcəyini elan etdikdən sonra abidə təmizlənərək martın 8-də heykəltəraşın müəyyənləşdirdiyi yerə qoyulub. Ancaq yaradıcı qurumlar etiraz aksiyasını təxirə salmayıblar.

Aksiyadan əvvəl Yenikapı limanında APA-ya açıqlama verən tanınmış kinoaktyor Tarık Akan deyib ki, indiki vəziyyətdə söhbət təkcə Yaşar Kamalın heykəlindən getsə də, Türkiyədə əksər sənət əsərləri təhdid altındadır: “Yaşar Kamal Türkiyəni dünyaya tanıtmış bir yazarımızdır. Onun heykəlinə qarşı edilən bu sayğısızlığı qəbul edə bilməzdik. Heykəlin bazar günü yerinə qaytarılması bizi sevindirir. Bundan sonra sənət əsərlərinə qarşı yapılmış istənilən sayğısız hərəkəti yaxından təqib edib, etirazımızı bildirəcəyik”.

Yaşar Kamalın heykəlinin qarşısında PEN klubu adından çıxış edən jurnalist-yazar Zeynəb Oral Türkiyədə sənət əsərlərinin məruz qaldığı sayğısızlıqların qabağını almaq üçün yaradıcılıq təşkilatlarını birgə mübarizə aparmağa çağırıb.

UNESCO-ya bağlı Beynəlxalq Plastik Sənətçilər Dərnəyinin (UPSD) başqanı, tanınmış rəssam Bədri Baykam isə diqqəti “itən heykəllər” məsələsinə cəlb edərək deyib: “İstanbulda, Ankarada, Antalyada sənətkar dostlarımızın heykəllərini yerlərindən qaldırıblar, onların aqibəti bəlli deyil. Bu, Türkiyədə sənətə qarşı göstərilən neqativ münasibətin təzahürüdür. Yaşar Kamalın vəfatı onsuz da bizim ürəyimizi yandırıb,heykəlinə qarşı bu sayğısızlığın meydana çıxması isə ürəyimizə vurulan ikinci ağır zərbə olmuşdur. Gücümüzü birləşdirərək bu cür halların qarşısını almalıyıq”.

Yazarların Həmkarlar Təşkilatının sədri Mustafa Kök də yaradıcılıq təşkilatlarını sənət əsərlərinə hörmətsiz münasibətə qarşı eyni platformadan çıxış etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR