Proqnoz: Azərbaycanda iqtisadi artım davam edəcək

Proqnoz: Azərbaycanda iqtisadi artım davam edəcək
# 15 fevral 2013 11:49 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci il üzrə «Pul siyasəti İcmalı»nda deyilir.

İcmalda vurğulanır ki, Dünya Bankı açıqladığı son iqtisadi xülasəsində Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə davam edəcəyini və 4,2% təşkil edəcəyini proqnozlaşdırır. Bütövlükdə, DB, BVF, Avropa Yenidənqurma və İnkişaf Bankı və BMT-nın proqnozları 2013-cü ildə ölkədə iqtisadi artımın orta hesabla 3,5% olacağını göstərir.

Qeyd edək ki, 2012-ci ildə ÜDM real ifadədə 2,2% artıb və nominal olaraq 54 mlrd. manata çatıb. Hesabat ilində neft-qaz sektorunda 5% azalma qeydə alınıb, qeyri-neft sektorunda isə artım 9,7% təşkil edib. Yaradılan əlavə dəyərin 2/3 hissəsi məhsul istehsalı, 1/3 hissəsi isə xidmət sahələrinin payına düşür.

İcmala əsasən, AMB tərəfindən aparılan Real Sektorun Monitorinqi (RSM) də iqtisadi aktivlik üzrə gözləntilərin optimist olduğunu göstərir. Belə ki, RSM-in nəticələrinə əsasən, ilin əvvəlindən xidmətə tələb və ticarət üzrə satış gözləntisi indeksi artıma meyllidir. Pozitiv gözləntilər eyni zamanda sənayenin qida, tikinti materiallarının istehsalı və toxuculuq alt seksiyalarında, ticarətin isə mebel, elekrtik məişət avadanlıqları seqmentlərində müşahidə edilib. Gözləntilərin belə pozitiv olması sənayedə realizə olunmamış izafi mal ehtiyatının azalmasında da özünü büruzə verib. Ümumilikdə, AMB tərəfindən aparılan RSM nəticələri son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayının yüksəldiyini və bu artımın dayanıqlı olduğunu göstərir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR