İş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salınıb

İş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salınıb
# 06 iyun 2016 09:50 (UTC +04:00)

Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Vahid Vahabovu qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Xəlilov, Müşfiq Mikayılov və digərlərinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxslərdən bəzilərinin vəkilləri iclasa gəlməyiblər. Buna görə də proses iyunun 13-nə təxirə salınıb.

İttihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın edib, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR