Nikolay Juravski: Şadıq ki, tarixdəki ilk Avropa Oyunları Bakıya həvalə olundu - MÜSAHİBƏ

Nikolay Juravski: Şadıq ki, tarixdəki ilk Avropa Oyunları Bakıya həvalə olundu - <span style="color: red;">MÜSAHİBƏ
# 01 iyun 2015 13:11 (UTC +04:00)

Bakı-APA. Moldova Milli Olimpiya Komitəsinin prezidenti, kanoe üzrə 2 qat Olimpiya və 8 qat dünya çempionu Nikolay Juravskinin apasport.az saytına müsahibəsi

- Avropa Oyunlarının başlamasına 11 gün qalır. Moldova yığmasını qitədə ilk dəfə keçiriləcək yarışa tam hazır saymaq olarmı?

- Digər ölkələrin milli komandalarında olduğu kimi, Moldova yığmasına da müxtəlif idman növləri üzrə atletlər daxildir. Düşünürəm ki, hamı yarışların startına ən yaxşı formada çatmaq istəyir. Buna isə idman tarixində heç vaxt və heç kim nail olmayıb, olmayacaq da. Bu gün əlimizdə olan imkanlar bütün idmançılara lazımı səviyyədə hazırlığını təmin etməyə imkan vermir. Buna baxmayaraq, bizim şərtlərdə mümkün olan hər şeyi etdik.

- Əksər ölkələr heyətini açıqlasa da, Moldova bu məsələyə tam aydınlıq gətirməyib. Bakı-2015-ə neçə idmançı ilə gələcəksiz?

- Burada hansısa sirr yoxdur. Bütün komandalarda iştirakçılarla bağlı yekun məlumat Təşkilat Komitəsinə verilib. Bakıdakı I Avropa Oyunlarında 12 idman növündə 86 idmançı ilə təmsil olunacağıq.

- London Yay Olimpiya Oyunlarında cəmi 22 idmançı ilə təmsil olunmuşdunuz. Avropa Oyunları ərəfəsində heyətinizin belə geniş olmasını nə izah edərdiniz?

- Təbii ki, Olimpiada ilə müqayisə etsək, Avropa Oyunlarının təsnifat mərhələsi o qədər də çətin olmayıb. Bakıda bir sıra qeyri-olimpiya növləri üzrə də yarışlar keçiriləcək. Bundan başqa, atletikada fərdi növlərdə deyil, komanda yarışında mübarizə gedəcək. Bu da yığmada idmançı sayında təxminən 40 nəfərin artması ilə nəticələnir.

- "London-2012"də 2 medal qazanmışdınız. "Bakı-2015"dən gözləntiləriniz nədir?

- Böyük Britaniya paytaxtında hər 2 medala ağır atletika növündə sahib olmuşduq. Təəssüf ki, bu idman növü I Avropa Oyunlarının proqramına daxil deyil. Həmçinin, Kristina Yovunu qeyd etməyə bilmərəm. Londonda bürünc qazanan gənc ağırlıqqaldıranımız da karyerasını Azərbaycan bayrağı altında davam etdirməyə qərar verib.

- Avropa Oyunlarında 20 idman növündə 253 dəst medal öz sahibini tapacaq. Bunlardan 12-də təmsil olunacaq Moldova hansı növlərə bel bağlayacaq?

- Biz müxtəlif döyüş növlərində və avarçəkmədə yaxşı çıxış edəcəyimizə ümidliyik.

- 86 idmançıdan ibarət heyətinizdə tanınmış simalar varmı?

- Moldova yığmasının ən titullu idmançısı taekvondoçu Aaron Kukdur. Dəfələrlə Avropa çempionu olan həmyerlimiz bu yaxınlarda Çelyabinskdə dünya çempionatında bürünc medal qazanıb. Ümumiyyətlə isə Moldova komandasında çox sayda gənc və perspektivli atletlər olacaq. Onların uğurları qarşıdadır.


- 2012-ci ildə Avropa Oyunlarının keçirilməsi və ilk yarışın Bakıya verilməsi barədə qərar qəbul olundu. Həmin vaxt bunu necə qarşılamışdınız?

- Buna çox müsbət yanaşdıq. İlk növbədə ona görə ki, Avropa Oyunları ideyası uzun illər müzakirə olunurdu və vaxtı çoxdan yetişmişdi. Asiya, Panamerika, Birlik Oyunları onilliklərdir keçirilir. Bu yarışlar vacib regional komanda turnirləridir. Biz çox şadıq ki, tarixdəki ilk Avropa Oyunları Bakıya həvalə olundu. Xalqlarımızı uzun illərdir dostluq əlaqələri bağlayır.

- Siz Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda olmusunuz. Paytaxtımızdan hansı təəssüratla ayrıldınız?

- Möhtəşəm! Mən Bakıda 30 il öncə olmuşdum. Hələ o vaxt şəhər çox xoşuma gəlmişdi. Xüsusilə də İçərişəhəri vurğulamaq istərdim. İndi paytaxtınızda çoxsaylı müasir arxitektura şedevrləri də peyda olub. Yeni yüksəldilən idman qurğuları isə sadəcə adamı valeh edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR