Azərbaycanda onkoloji xəstələrin sayı artıb

Azərbaycanda onkoloji xəstələrin sayı artıb
# 30 yanvar 2013 11:56 (UTC +04:00)

APA-nın xəbərinə görə, Azərbaycanın baş onkoloqu Azad Kərimli jurnalistlərə açıqlamasında deyib ki, hazırda 2012-ci ilin statistikası tam hazır deyil. 2011-ci ildə isə Azərbaycanda 28 685 onkoloji xəstə qeydiyyata alınıb. 2007-ci ildə isə bu rəqəm 24431 nəfər olub.

A.Kərimli deyib ki, onkoloji xəstələrin sayının artması ilə yanaşı, 5 il və daha artıq yaşayan onkoloji xəstələrin sayı da artıb: “7-8 il əvvəl əhalinin sayı da bu qədər deyildi. Təbii ki, əhalinin sayı artdıqca, xəstəliklərin, o cümlədən onkoloji xəstələrin sayı da artır. Bu xəstəliyin yaranma səbəbi hələ də elm aləminə bəlli deyil. Xərçəngin diaqnostikası və müayinəsində ciddi irəliləyişlər var. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında süd vəzi xərçəngi, kişilər arasında isə ağciyər, traxeya, bronxların xərçəngi üstündür”.

A. Kərimli xərçəng xəstələri arasında ölüm faizinin düşdüyünü də bildirib. Belə ki, 2007-ci ildə xərçəng xəstəliyi ilə xəstələnənlər arasında ölüm faizi 60,5 faiz təşkil edib, 2011-ci ildə isə bu göstərici 56,1 faiz olub.

Baş onkoloq deyib ki, ölkədə histoloq qıtlığı var. Xərçəng xəstələrinin histoloji müayinəsinin rəyi olmadan qeydiyyat aparılmır. Bununla əlaqədar rayon onkoloqlarına göstəriş verilib.

A.Kərimli vurğulayıb ki, kimyəvi terapiyalar üçün istifadə olunan bütün dərman vasitələri dövlət tərəfindən təmin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR