Prezident İlham Əliyev vizaların verilməsi işinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev vizaların verilməsi işinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb
# 20 noyabr 2014 16:38 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsisteminin (bundan sonra - “Viza” altsistemi) fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə, aidiyyəti dövlət orqanlarının təklifləri nəzərə alınmaqla, aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb:


Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün səfirliklərinin və konsulluqlarının “Viza” altsisteminə qoşulması;

“Viza” altsistemində yaranan texniki problemlərin aradan qaldırılması, sıradan çıxmış və zəmanət müddəti bitmiş avadanlığın yenisi ilə əvəz edilməsi, altsistemin daim işlək vəziyyətdə saxlanılması üçün müvafiq texniki xidmətin və müşayiətin təşkil edilməsi;

“Viza” altsisteminin mövcud proqram təminatının təkmilləşdirilməsi, altsistem vasitəsilə verilən vizalarla bağlı müfəssəl statistik təhlillərin aparılması imkanının yaradılması;


Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi;


“Viza” altsisteminin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi ilə tam inteqrasiya olunması;


“Viza” altsistemi çərçivəsində yoxlama prosedurlarının təkmilləşdirilməsi.


Nazirlər Kabineti həmçinin sərəncamda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etməli, vizaların verilməsi prosesinin qiymətləndirilməsi məqsədi ilə monitorinq sistemini yaratmalı, vizaların verilməsi işinin operativliyini təmin etmək məqsədi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin, habelə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin və konsulluqlarının işçilərinin ştat sayının artırılması məsələsinə baxmalı, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin hazırlıq səviyyəsinin yoxlanılması üçün tədbirlər görməli, sərəncamda verilmiş tapşırıqların icrası barədə prezidentə məlumat verməlidir.

Xarici İşlər Nazirliyinə isə Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında vizaların rəsmiləşdirilməsi ilə bilavasitə məşğul olan əməkdaşları üçün mütəmadi treninqlərin keçirilməsini təşkil etmək həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR