Dilçilik İnstitutu: Futbolçuların formalarında ad və soyadların əcnəbi dildə yazılması doğru deyil

Dilçilik İnstitutu: Futbolçuların formalarında ad və soyadların əcnəbi dildə yazılması doğru deyil
# 03 noyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Topaz Premyer Liqasında çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı AFFA-ya müraciət edəcək.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya deyib ki, yerli çempionatda çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının əcnəbi dildə yazılması doğru deyil: “Biz bu məsələ ilə bağlı AFFA-ya məktub göndərəcəyik. Təbii ki, beynəlxalq oyunlar istisnadır. Yerli çempionatda elektron tabloda futbolçunun adı Azərbaycan dilində, amma formada əcnəbi qrafikada yazılır. Bu, doğru deyil”.

Q. Məhərrəmli qeyd edib ki, ölkədə Azərbaycan dili 22 sahədə tətbiq olunur: “Bununla bağlı məsələ qaldırılacaq. Qurban Qurbanov Ukraynada mətbuat konfransında Azərbaycan dilinə danışmışdı. Bu çox yaxşı hal idi. Biz İnstitut adından ona məktub da göndərmişdik. Bu məsələni diqqətdə saxlayacağıq”.

Qeyd edək ki, Topaz Premyer Liqasında çıxış edən “Neftçi”-nin formasında “Qurbanov” soyadı “Gurbanov”, “Xəzər Lənkəran”-ın formasında “Elşən” adı “Elshan” kimi yazılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR