Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Küveyt, Banqladeş və Kamerunun əmək nazirləri ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Küveyt, Banqladeş və Kamerunun əmək nazirləri ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 24 aprel 2013 13:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Küveytin sosial məsələlər və əmək naziri Zikra Ayid ər-Raşidinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Fizuli Ələkbərov Azərbaycanda həyata keçirilən sosial proqramlar, aktiv sosial müdafiə tədbirləri barədə qonağa məlumat verib. Onun sözlərinə görə, ölkədə əmək və məşğulluq sisteminin təkmilləşdirilməsi sahəsində davamlı işlər görülür: “Azərbaycan və Küveytin iqtisadiyyatının strukturu bir-birinə bənzəyir. Azərbaycanda olduğu kimi, Küveytdə də əsas prioritet odur ki, neft asılılığımızı azaldaq. Ona görə də müxtəlif sahədə bizim əməkdaşlığımızda çox böyük perspektivlər var və müxtəlif məsələlərdə bir-birimizin təcrübəsindən yararlana bilərik”.

Zikra Ayid ər-Raşidi Küveytin Azərbaycanda əmək və sosial sahəsində həyata keçirilən islahatlarda maraqlı olduğunu deyib. Onun sözlərinə görə, gələcəkdə də Azərbaycanla əməkdaşlığın qurulması və inkişafında bütün səylərini göstərəcəklərini deyib: “İkitərəfli əlaqələrin inkişafı naminə bizimlə Azərbaycanı çox yaxşı əlaqələr bağlayır. Şübhəsiz ki, əlaqələrdə inkişaf edəcəyimiz sahələr var və bunları irəli apara bilərik. İnanırıq ki, Azərbaycanda keçirilən İƏT-ə üzv ölkələrin əmək nazirlərinin ikinci konfransı bütün səviyyələrdə uğurla nəticələnəcək”.

Görüşün sonunda qonaq Zikra Ayid ər-Raşidi azərbaycanlı həmkarı olan Fizuli Ələkbərovu Küveytə dəvət edib. Bu təklifi qəbul edən Fizuli Ələkbərov yaxın zamanda bəzi işlər həll olunduqdan sonra Küveytə səfər edəcəyini söyləyib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bu gün həmçinin İƏT-ə üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Banqladeş Xalq Respublikasının əmək və məşğulluq naziri Rajuiddin Ahmed Rajinin və Kamerun Respublikasının əmək və sosial təminat naziri Qreqori Ouonanın rəhbərlik etdiyi nümayəndə heyətlərini də qəbul edib. Görüşlərdə nazir Fizuli Ələkbərov İƏT tərəfindən təşkilata üzv ölkələrin bir çox sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığın gücləndirilməsinə verdiyi dəstəyi yüksək dəyərləndirib. O qeyd edib ki, İƏT-ə üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransı bu ölkələrdə inkişaf və tərəqqinin təmin olunması, o cümlədən sosial rifah naminə fəal siyasətlərin hazırlanıb həyata keçirilməsi sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsində mühüm önəm kəsb edir. Nazirin fikrincə, İslam ölkələrinin əmək nazirləri tərəfindən imzalanması nəzərdə tutulan sənədlərin konkret əməkdaşlıq istiqamətlərinin müəyyən olunmasında, qarşılıqlı təcrübə və məlumat mübadilələrinin aparılmasında əhəmiyyətli rol oynayacaq. Qonaqlar da öz növbələrində Azərbaycanda əmək və sosial sahədə həyata keçirilən islahatları yüksək qiymətləndirib və hər zaman qarşılıqlı əməkdaşlıq etməyə hazır olduqlarını deyiblər. Onların fikrincə, bu sahədə Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulması və inkişafında maraqlı olduqlarını, həmçinin konfransda imzalanacaq sənədlərdəki prioritetlərin icrasında bütün səylərini göstərəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR