Robert Prosineçki: “Toplanış nə qədər çox olsa, bir o qədər yaxşıdı”

Robert Prosineçki: “Toplanış nə qədər çox olsa, bir o qədər yaxşıdı”
# 16 dekabr 2014 13:34 (UTC +04:00)

Bakı – APA. “Millinin toplanışı nə qədər çox olsa, bir o qədər yaxşıdı. Bu, yığmanın baş məşqçisi kimi məni qane edər”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı çalışdırıcı fevralda keçiriləcək təlim-məşq toplanışının Antalyada baş tutacağını bildirib: “Fevralda Antalyada 6 günlük təlim-məşq toplanışı keçirəcəyik. Bu müddət ərzində 1 yoxlama oyunu da nəzərdə tutulub. Albaniya Futbol Federasiyası ilə danışıq aparsaq da, alınmadı. Həmin müddətdə orda olacaq komandalardan biri ilə qarşılaşacağıq”.

Prosineçkinin sözlərinə görə, yığma növbəti dəfə AÇ-2016-nın Malta ilə keçiriləcək rəsmi görüşdən öncə bir araya gələcək: “Yenə deyirəm ki, məndən olsa, komandanı tez-tez yığaram. Amma çempionatın təqvimini, klubları da nəzərə almalıyıq. Malta ilə martda keçiriləcək rəsmi oyun öncəsi 7 günlük toplaşacağıq. Bundan əlavə, Bakıda yaşadığımdan, hər oyunu izləyirəm. Toplanışa kimi lazımi qədər məlumat toplayacam. İmkan daxilində, ölkə çempionatının təqviminə mane olmadan, tez-tez toplanış keçirmək istəyərəm”.

Qeyd edək ki, millimiz son 6 ildə ilin ilk hazırlığını Birləşmiş ərəb Əmirliklərinin Dubay şəhərində keçirirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR