Deputat Sevinc Hüseynova: “Məni axtaran yoxdur…” - MÜSAHİBƏ

Deputat Sevinc Hüseynova: “Məni axtaran yoxdur…” - <span style="color: red;">MÜSAHİBƏ
# 12 mart 2013 10:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gədəbəy rayonundan seçilən deputatı Sevinc Hüseynovanın APA-ya müsahibəsi

- Deputat seçilənə qədər fəaliyyətinizin nədən ibarət olduğunu bilmək istərdik….

- Milli Məclisə deputat seçilənə qədər dövlət qulluğunda çalışmışam. Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra doğulduğum Gədəbəy rayonuna qayıdaraq, əvvəlcə uzun müddət rayon torpaq şöbəsində müfəttiş vəzifəsində, daha sonra Rayon Gənclər və İdman İdarəsinin rəisi, rayon İcra Hakimiyyəti başçısının müavini, ardınca Gənclər və İdman Nazirliyində şöbə müdiri işləmişəm.

- Bəs niyə Sizə elə gəldi ki, deputatlığa namizəd olmalısınız?

- Təklif üzv olduğum hakim Yeni Azərbaycan Partiyasından gəldi və namizədliyimi bu təklif əsasında irəli sürdüm. Yəni namizədlik öz təşəbbüsümlə yox, partiyanın məsləhəti ilə olub. Buna da səbəb indiyə qədər işlədiyim sahələrdə göstərdiyim xidmətlərə partiya tərəfindən verilən qiymətdir.

- Amma parlament seçkilərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, mətbuat sizi fəaliyyəti olmayan deputat kimi xarakterizə edir. Hətta cəmiyyətdə əksəriyyə sizi deputat kimi tanımır. Niyə?

- Ola bilər ki, bu, ya mənim zəifliyimdir, ya da mənim KİV-lə əməkdaşlıq qura bilməməyimdir. Ancaq Sosial siyasət komitəsində hansısa qanun layihəsinin müzakirəsi zamanı fikirlərimi bildirdiyim vaxt olub, plenar iclaslarda da çıxışlarım olub. Bundan başqa, KİV-dən hansı jurnalist mənimlə ünsiyyət qurmaq istəyirsə, mən ona “yox” deməmişəm. Eyni zamanda bacardığım qədər QHT-lərin tədbirlərində də iştirak edirəm, çıxışlar edirəm. Seçicilərlə münasibətdə də daim fəalam.

- Dediniz ki, KİV-lə münasibət qurmağı bacarmırsınız. Nədir mane olan?

- Nə bilim. Buna jurnalistlər özləri də cəhd etməlidirlər. Məsələn, siz neçə gündür zəng etdiniz, amma mən sizə imtina etmədim. İnanmıram hansısa jurnalist, ya da operator desin ki, mənə yaxınlaşmaq istəyib, amma mən onları yaxına buraxmamışam.

- Sevinc xanım, jurnalistlər adətən o deputatla maraqlanırlar ki, o, hansısa layihənin, ictimaiyyət üçün ciddi maraq doğuracaq təklifin müəllifi olsun. Sizdə indiyədək belə bir şey olub ki, bu medianın nəzərindən qaçsın?

- Deməli, sözünüzdən belə çıxır ki, millət vəkili hansısa ciddi tənqidi çıxış etməsə, yaxud nəsə təklif etməsə, mətbuat onunla maraqlanmır? Amma bir dəfə mənim Sosial siyasət komitəsinin iclasında gənclərlə bağlı çıxışım olub, bir dəfə də bir hərbi qanunla bağlı. Bundan başqa, Gədəbəydə bir sosial problemlə bağlı çıxışım olub, o zaman media məni axtara bilərdi, amma axtaran olmayıb. Həm də bir şey var ki, şou xarakterli bir çıxış, məsələ olanda jurnalistlər dərhal o deputatı axtarırlar. Amma bayaq sadaladığım daha dərin məsələlərlə bağlı jurnalistlərdə araşdırma apararaq deputatı ona münasibət bildirməyə sövq etmək yoxdur.

- Sizcə, bu sadaladığınız məsələlərə görə mətbuat sizi axtarmalıdır?

- Bəli. Siz jurnalistlər deputatın fəaliyyətinin güclü olmasını yalnız onun parlaq çıxışları, ciddi təklifləri, layihə müəllifi olması ilə qiymətləndirirsiniz.

- Biz qiymətləndirmirik, deputatın fəaliyyətinin əsas istiqaməti adətən bundan ibarət olur...

- Mən də etmişəm. Necə yəni, siz deyirsiniz ki, mən heç bir təklifin müəllifi olmamışam? Gedin stenoqramı araşdırın, tapacaqsınız. Yəni demək istədiyim odur ki, mənim elə bir təklifim olub, amma mənimlə maraqlanmamsınız...

- İddia olunur ki, sizin Gədəbəydə uzun zamandır yaratdığınız böyük bir biznesiniz var və siz daha çox bununla məşğulsunuz...

- Nə?! Bu haradan çıxdı? Mənim heç bir biznesim yoxdur, mən ancaq deputat fəaliyyəti ilə məşğulam və başqa bir sahədən gəlirim yoxdur.

- Eyni zamanda iddia olunur ki, məhz heç kimin tanımadığı bəzi deputatlar kimi, siz də yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələrinizə görə deputat seçilmisiniz...

- Xeyr, yuxarı dairələrdə qohumum yoxdur. Amma öz tutduğum postdan yuxarı olmayan dövlət qulluğunda işləyən qohumlarım var. Mən öz fəaliyyətimə görə deputat seçilmişəm, hansısa əlaqələrə görə yox. Moskva Dövlət Universitetinin bitirəndən sonra orada mənə təkliflər də oldu, amma mən Vətənə qayıtdım və dövlət qulluğunda göstərdiyim fəaliyyət, ona verilən qiymət nəticəsində Milli Məclisə seçildim.

- Deputatlıq fəaliyyətində başlıca vəzifələrdən biri qanunvericilik təşəbbüsünün müəllifi olmaqdır. Sizin belə bir müəllifliyiniz olub?

- Rəsmi olaraq elə bir təşəbbüsün müəllifi olmamışam. Amma valideyn himayəsindən məhrum olan uşaqların pulsuz ali təhsil alması ilə bağlı son vaxtlar gündəmdə olan məsələ ilə bağlı komitənin iclasında çıxış etmişəm.

- Seçicilərinizi nə dərəcədə qane edirsiniz? Onlar hansı problemlərlə bağlı müraciət edirlər və siz hansı problemləri indiyədək həll etmisiniz?

- Seçicilər əsasən icraedici orqanlarla bağlı müraciət edirlər. Sosial müavinətlərin verilməsi və s.-lə bağlı məsələlər olur ki, həllinə nail oluruq. Təmsil etdiyim rayon dağlıq rayon olduğu üçün yol, qaz məsələləri ilə bağlı müraciət edirlər. Bizim rayonun 25 kəndinə qaz çəkilişi aparılıb və bu, indi də davam edir. Təbii ki bunların hamısı mənim dairəmə düşmür. Bundan başqa, elektrik enerjisi ilə təchizat məsələsi ilə bağlı seçicilərin müraciətləri olub ki, bu da mənim təklifimlə dövlət tərəfindən yüksək səviyyədə təmin olunub. Yəni əsas müraciətlər qaz, işıq və yol ilə bağlıdır ki, bunun da əsas etibarı ilə həllinə nail olmuşuq.

- Növbəti dəfə deputatlığa namizədliyinizi vermək fikriniz var?

- Əgər seçicilərimin və üzv olduğum YAP-ın etimadını doğrultsam, əlbəttə, var.

- Siz bir xanım kimi deputatlıq fəaliyyəti ilə yanaşı, ev işlərinə nə qədər vaxt ayıra bilirsiniz? Ailəlisiniz?

- Xeyr, ailəli deyiləm. Valideynlərimlə yaşayıram və çalışıram ev işlərinə də çox vaxt ayırım. Daha çox evdə təmizlik işləri ilə məşğulam.

- Bəs nə əcəb sizin kimi gözəl bir xanım indiyədək ailə qurmayıb?

- Bunu nəyə görə soruşursunuz?

- İctimai maraq kəsb edir, ona görə...

- Hə... Deməli, ictimai maraqdan irəli gələrək soruşursunuz. İstəməzdim bu barədə danışmaq, çünki bu könül işidir. Yəni gərək bu, insanın könlündən gəlsin ki, olsun.

- Sizə xoşbəxtlik arzulayıram...

- Çox sağ olun!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR