Azərbaycanda təhsil işçilərinin sentyabr konfransları keçiriləcək

Azərbaycanda təhsil işçilərinin sentyabr konfransları keçiriləcək
# 28 avqust 2014 11:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA Təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinin 2014-cü il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə qeyd olunub ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda irəli sürülən tələblər baxımından 2014-2015-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və onların həllinə yönəlmiş inkişafyönümlü tədbirlər müəyyənləşdirmək məqsədilə 1-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları təşkil olunmalıdır.

Qeyd olunub ki, konfransların keçirilmə tarixləri və bölgələrə ezam olunan əməkdaşlar barədə qrafik təsdiq edilməli, konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilməli, plenar iclaslarda “2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilməlidir.

Rayon (şəhər) təhsil şöbələrinə (idarələri) tapşırılıb ki, plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakını təmin etsinlər. Plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil Problemləri İnstitutuna göndərsinlər.

Təhsil Problemləri İnstitutu isə metodik bölmə iclaslarının səmərəli keçirilməsində yerli təhsil orqanlarına köməklik məqsədilə tövsiyələr hazırlayıb konfrans başlananadək pedaqoji mətbuatda dərc etdirməsini təmin etməli, yerlərdən alınmış təkliflərin təhlilini aparmalı və ümumiləşdirilmiş material hazırlayıb nazirliyə təqdim etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR