Azərbaycanda A-98 markalı benzinin standartı təsdiqlənib

Azərbaycanda A-98 markalı benzinin standartı təsdiqlənib
# 01 mart 2013 10:31 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 059-2001 “Etilsiz avtomobil benzinləri” dövlət standartına dəyişiklik edilib.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, standarta edilən dəyişiklik 1 aprel 2013-cü il tarixdən tətbiq ediləcək.

Dəyişikliyə əsasən standartın adı yeni redaksiyada - “Avtomobil benzinləri. Texniki şərtlər” kimi ifadə edilib. Həmçinin standartın “Markalar üçün norma” bəndinə “A-98 markası” əlavə edilib. Standarta A-98 markalı benzinin detonasiya davamlılığı, sıxlığı, fraksiya tərkibi, doymuş buxarın təzyiqi, turşuluğu, kükürdün kütlə payı və s. göstəricilər üzrə normalar və sınaq üsulları da daxil edilib.

Məlumat üçün bildirək ki, Azərbaycanda dövlət standartına əsasən üç markada avtomobil benzini – A-80, A-92 və A-95 istehsal edilir. Bu dəyişikliyə əsasən ölkəmizdə daha keyfiyyətli, oktan xarakteristikasını artıran komponentləri olan A-98 markalı benzinin istehsalı da mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR