Aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.
Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında Komitənin əməkdaşları dərhal həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olub.
Dövlət Komitəsi bildirir ki, operativ tədbirlər nəticəsində M. Alıməmmədovun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək. Bununla bağlı əlavə məlumat veriləcək.