Şahid: “İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan Qulam Ələkbərov adlı şəxs sifariş edib”

Şahid: “İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan Qulam Ələkbərov adlı şəxs sifariş edib”
# 12 aprel 2013 12:45 (UTC +04:00)

Konqresdən APA-ya verilən məlumata görə, dünənki məhkəmə iclasında 3 şahid dindirilib: “Şahidlərdən biri Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və İqbalın qətli ilə bağlı ona qarşı cinayət işini qaldırmışdılar. Lakin sonradan bu işə xitam vermişdilər. O məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, İqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevka şəhərindən olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar. Orada da Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. İqbalın sürücü isə istintaqa verdiyi ifadədə isə bildirib ki, qətlin baş verdiyi Makeyevkada yerləşən “Kaspiy” restoranına yaxınlaşanda başa düşüb ki, İqbal Mahmudov orada keçirilən Qələbə Günü ilə bağlı tədbirə deyil, məsələləri aydınlaşdırmağa gəlib. Çünki İqbal bu cür tədbirlərə özünü yox, müavinlərini göndərirdi və bu tədbirdə iştirakı ümumiyyətlə planlaşdırmamışdı. Bu cür fikirləşməyə daha bir səbəbi ondan ibarətdir ki, restoranda toplaşan qonaqların əksəriyyəti Konqresin üzvləri deyildilər və İqbalın siyasi baxışlarını dəstəkləmirdilər”.

Konqresdən əlavə ediblər ki, növbəti məhkəmə iclası aprelin 18-də baş tutacaq.

Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun öldürməsində 4 nəfər - Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. Onlar hamısı dəmir barmaqlıqlar arxasındadır.

Faktla bağlı Ukrayna Cinayət Məcəllənin 115 (qəsdən adam oldürmə) və 263-cü maddələri (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) üzrə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR