Azərbaycanda ictimai nəqliyyatda kart sisteminə keçidlə bağlı kompleks tədbirlər həyata keçiriləcək

Azərbaycanda ictimai nəqliyyatda kart sisteminə keçidlə bağlı kompleks tədbirlər həyata keçiriləcək
# 15 avqust 2014 12:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda min ədəddən artıq sərnişin avtobusunda validator quraşdırılıb. 2015-ci ilin birinci rübünə qədər validatorlar paytaxtın bütün sərnişin avtobuslarını əhatə edəcək.

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, insanların ictimai nəqliyyatda ödəniş kartlarına marağı azdır: “Bəzən sürücülər əlində ödəniş kartı olan sərnişinlərə gediş haqqını nağd pulla ödənilməsini tələb edirlər. Bu, hələ də nağd ödəniş sisteminin tətbiqinin aradan qaldırılmamasından da qaynaqlana bilər. Amma Nəqliyyatın İntellektual İdarəetmə Sistemi tam tətbiq edildikdən sonra, karta ödəniş sisteminə keçiləcək”.

Nazirlik rəsmisi qeyd edib ki, orta hesabla ay ərzində validatorlar vasitəsi ilə 5-6 min əməliyyat həyata keçirilir.

N. Həsənovun sözlərinə görə, avtobus sürücülərinin maaş sisteminə keçirilməsi kartlardan istifadəyə müsbət təsir edəcək: “Bu gün sürücülər maaş almır. Sürücü ilə sahibkar maaş məsələsində razılığa gələ bilmirlər. Sürücülər sahibkardan 500-1 500 manat maaş tələb edir. Onlar bundan sonra kart sisteminin tətbiqi istəyirlər və gündəlik ödəniş planının aradan qaldırılmasına razıdırlar. Bundan sonra sürücülər də gediş haqqının kartla ödənilməsində maraqlı olacaq”.

O deyib ki, ölkənin ictimai nəqliyyatda kart sisteminə keçidlə bağlı kompleks tədbirlər həyata keçiriləcək.

Bundan başqa, N. Həsənov bildirib ki, yaxın vaxtlarda qurum bütün sürücülərə vahid geyim formasını tətbiq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR