Azərbaycan enerji sektorunda CAR və Argentina ilə birgə layihələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan enerji sektorunda CAR və Argentina ilə birgə layihələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edib
# 31 mart 2015 14:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Energetika Nazirliyində Cənubi Afrika Respublikasının səfiri Vika Khumalo ilə görüş keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı energetika nazirinin müavini Gülməmməd Cavadov Azərbaycanın CAR ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki dövlət arasında əməkdaşlığın daha da yüksəlməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

Azərbaycanla CAR arasında mövcud siyasi əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir müavini Azərbaycanın iqtisadi və sosial sahədə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib. Bildirib ki, hazırda iki ölkənin biznes-strukturları arasında konkret layihələr üzrə əməkdaşlığın yaradılması üçün real imkanlar mövcuddur.

Bu gün həmçinin Energetika Nazirliyində Argentinalı diplomatla görüş keçirilib. G. Cavadovun Argentinanın Azərbaycandakı Səfirliyinin siyasi məsələlər üzrə müşaviri Gabriel Alejandro Jorquera ilə görüşündə Azərbaycan və Argentina arasında son illər əlaqələrin inkişafında müşahidə edilən müsbət dinamika qeyd edilib, iqtisadi, ticarət, sərmayələr üzrə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında müzakirələr aparılıb.

Yüksək texnologiyalar, o cümlədən enerji sektoru Azərbaycan və Argentina arasında prioritet əməkdaşlığın istiqamətləri kimi qeyd olunub, bu sahələrdə mümkün birgə layihələr nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR