Vərəmə yoluxmuş xəstələrlə bağlı yaş qrupları nəzərə alınmaqla qida normalarının müəyyənləşdirilməsi təklif edilir

Vərəmə yoluxmuş xəstələrlə bağlı yaş qrupları nəzərə alınmaqla qida normalarının müəyyənləşdirilməsi təklif edilir
# 26 sentyabr 2014 15:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatası Nazirlər Kabinetinə vərəmə yoluxmuş xəstələrlə bağlı yaş qrupları nəzərə alınmaqla qida normalarının müəyyənləşdirilməsini təklif edib.

APA-nın məlumatına görə, respublikanın təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normaları Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə tənzimlənir.

“Müalicə-profilaktika müəssisələrində bir xəstə üçün orta sutkalıq ərzaq normaları” Qərarın 5 saylı əlavəsində, “Doğum evləri (şöbələri) və uşaq xəstəxanalarında (şöbələrində) hər bir nəfərə düşən qida normaları” isə 6 saylı əlavəsində müəyyən edilib. Qərarın qeyd olunan 5 saylı əlavəsində vərəm əleyhinə dispanserlərdə, şöbələrdə, xüsusiləşdirilmiş vərəm xəstəxanalarında və vərəm əleyhinə sanatoriyalarda vərəmli xəstələr üçün yaş qrupları nəzərə alınmaqla qida normaları tənzimlənməyib. Hesablama Palatası tərəfindən aparılan dövlət büdcəsindən səhiyyə müəssisələrinə ayrılan vəsaitlərin auditi zamanı səhiyyə müəssisələri tərəfindən vərəmə yoluxmuş xəstələrin digər xəstələrdən fərqli olaraq gücləndirilmiş ərzaq təminatı əsas gətirilərək yuxarıda qeyd olunan qərarla müəyyən olunmuş normadan artıq ərzaq silgisi halları aşkar edilib. Bundan əlavə, Qərarın 6 nömrəli əlavəsində uşaq xəstəxanalarında (şöbələrində) 1-17 yaş arasında xəstə uşaqlar üçün qida normaları eyniləşdirilib ki, bu da dövlət büdcəsindən həmin məqsədlərə ayrılmış vəsaitlərin səmərəsiz istifadəsinə səbəb olur.

Hesablama Palatası göstərilənləri nəzərə alaraq, həmin qərarın qeyd olunan əlavələrində vərəm əleyhinə dispanserlərdə, şöbələrdə, xüsusiləşdirilmiş vərəm xəstəxanalarında və vərəm əleyhinə sanatoriyalarda vərəmli xəstələr üçün, o cümlədən uşaq xəstəxanalarında uşaqların, habelə süni qidalanmada olan 1 yaşa qədər uşaqlar da nəzərə alınmaqla, bir neçə yaş qrupuna bölünərək, aylar üzrə hər uşağa düşən qida normasının qruplar üzrə müəyyən edilməsini məqsədəmüvafiq hesab edib. Hesablama Palatasının Nazirlər Kabinetinə təqdim etdiyi təklifdə qeyd edilir ki, həmin qərarın 5 saylı “Müalicə-profilaktika müəssisələrində bir xəstə üçün orta sutkalıq ərzaq normaları” əlavəsinin qeyd hissəsinə əsasən, müalicə-profilaktika müəssisəsinin mətbəxində olan ərzaqların müxtəlifliyindən asılı olaraq bir ərzağı başqası ilə əvəz etmək olar. Lakin qərarda yeməklərin hazırlanmasında məhsulların qarşılıqlı əvəzlənməsi mexanizmi tənzimlənmədiyindən xərclər prosesində müəyyən çətinliklər yaranır. Bu səbəbdən Hesablama Palatası qərarda qeyd olunan müəssisələrdə hər hansı bir ərzağın digər uyğun ərzaqla əvəzlənməsinin mümkünlüyünü müəyyən edən mexanizmin işlənib hazırlanmasını məqsədəmüvafiq hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR