ABŞ-da yəhudi icmasının nüfuzlu toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib - FOTO

ABŞ-da yəhudi icmasının nüfuzlu toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib - <span style="color: red;">FOTO
# 04 mart 2013 06:25 (UTC +04:00)

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsinin (The American Israel Public Affairs Committee) “Gələcəyi birgə formalaşdıraq” başlığı altında keçirilmiş İllik Siyasi Konfransında qarşısında çıxış etmişdir.

Konfrans çərçivəsində keçirilmiş “İsrailin Cənubi Qafqaz dövlətləri ilə münasibətləri” mövzusunda müzakirələrin digər iştirakçıları Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu nəzdində fəaliyyət göstərən İpək Yolu Araşdırmaları Proqramının direktoru Svante Kornel (Svante Cornell) və Hayfa Universitetinin baş mühazirəçisi Brenda Şaffer olub.

Azərbaycanın ABŞ-la münasibətləri haqqında məlumat verən E. Süleymanov iki dövlətin enerji sektoru, terrorçuluğa qarşı mübarizədə yaxından əməkdaşlıq etdiyini, regional inkişafı və inteqrasiyanı sürətləndirəcək gündəmdə olan enerji layihələrinin reallaşmasında ABŞ-ın siyasi dəstəyinin vacib olduğunu deyib.

Səfir Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin tarixindən bəhs edərək, bu münasibətlərin strateji müttəfiqlik xarakter almasında Azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin rolunun danılmaz olduğunu bildirib.

Tarixən yəhudi əhalisinin əksəriyyətin müsəlman olduğu dövlətdə dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşduğunu və qəhrəmanlıqla şəhid olması faktını Azərbaycan xalqının heç vaxt unutmayacağını qeyd edib.

Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirən diplomat yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmini qeyd edib, bu xüsusda İsrail Prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərlərini xatırladıb.

Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu bildirən səfir tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət ayrıldığını vurğulayıb, nəticədə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini deyib.

Daha sonra çıxış edən S.Kornel Cənubi Qafqaz regionunun strateji coğrafi mövqeyinin region dövlətlərinin beynəlxalq arenada münasibətlərinin xarakterinin formalaşmasına təsir göstərdiyini qeyd edib. Regionu Qərblə Şərq arasında “həyati əhəmiyyətə malik dəhliz” kimi qiymətləndirən S.Kornel bu mənada Rusiya və İranla sərhədə malik yeganə dövlət olan Azərbaycanın mövcud reallıqlar və həssas qonşuluq şəraitində İsraillə strateji əməkdaşlığa sadiqliyinin xüsusi önəm daşıdığını vurğulayıb.

B. Şaffer çıxışında Azərbaycanda şahidi olduğu tolerantlıqdan bəhs edərək, ölkəmizin torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, terrorçuluğun təbliğ edilmədiyi sülhsevər bir məkan olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən B. Şaffer bu kontekstdə Ermənistanın İranla münasibətlərindən xüsusilə bəhs edib.

Qeyd edək ki, ABŞ-dakı yəhudi icmasının ən genişmiqyaslı toplantısı olan İllik Siyasi Konfransda bütün ştatlardan on üç mindən çox nümayəndə iştirak edir. Konfransın bu ilki əsas çıxışçıları sırasına ABŞ-ın vitse-prezidenti Co Bayden, İsrailin müdafiə naziri Ehud Barak, Kanadanın xarici işlər naziri Con Beyrd daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR